Dünyada koronavirus aşkarlanan insanların sayı 8 milyon 420 minə çatır

Dünyada koronavirus aşkarlanan insanların sayı 8 milyon 420 minə çatır

18 İyun, 16:00 Sosial mediada paylaşın:

Dünya üzrə indiyədək yeni növ koronavirus aşkarlanan insanların sayı 8 milyon 420 minə çatır. Pandemiyadan həyatını itirənlərin sayı isə 451 700-ü ötüb. Ən ağır vəziyyət yenə Amerika qitəsində müşahidə olunur. Bununla yanaşı, bir çox ölkədə virusa yeni yoluxmaların artması narahatlıq doğurmağa başlayıb. Artıq bəzi yerlərdə yenidən məhdudiyyətlərin tətbiq edilməsinə qərar verilib.

Braziliyada yeni növ koronavirusa yoluxanların sayı 1 milyona yaxınlaşır. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Son sutkada Braziliyada 32 188 nəfərdə COVID-19-a yoluxma faktı aşkar olunub, 1269 nəfər isə bu virusun qurbanına çevrilib. Qitənin ən çox əhaliyə sahib ikinci ölkəsində pandemiyadan ümumilikdə 46 510 nəfər dünyasını dəyişib. Bu fakt da 4,9% ölüm nisbəti deməkdir.

Meksika da koronavirusla əlaqədar ən ağır günlərini yaşayır. Ötən gün ərzində həm yoluxmada, həm də ölüm hallarında artım olub. Belə ki, ölkədə 4930 nəfərdə yeni yoluxma qeydə alınıb. 770 nəfər koronavirusdan vəfat edib. Bununla da Meksikada COVID-19 aşkarlananaların ümumi sayı 160 mini, virusdan həyatını itirənlərin sayı isə 19 mini ötüb.

Cons Hopkins Universitetinin statistikasına əsasən, ABŞ-da koronavirusdan daha 840 nəfər dünyasını dəyişib. Birləşmiş Ştatlarda ölənlərin sayı 117 717-yə çatıb. Bu ölkədə indiyədək olan ümumi yoluxma göstəricisi isə 2 milyon 163 mindən artıqdır.

İndoneziya Sinqapuru geridə qoyaraq Cənub-Şərqi Asiyada koronavirusa yoluxmanın ən çox müşahidə olunduğu ölkə olub. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, İndoneziyada bir gündə 1031 yeni yoluxma və 45 ölüm halı baş verib. COVID-19 diaqnozu qoyulanların sayı isə 41 431 nəfərə çatıb. Onlardan 2276 nəfəri dünyasını dəyişib.

Rusiyada koronavirus ötən gün 182 nəfərin həyatına son qoyub. Daha 7790 nəfərdə isə COVID-19 aşkarlanıb. Bu arada, Rusiyanın Səhiyyə sahəsinə nəzarət edən Federal Agentliyinin yaydığı məlumatda bildirilib ki, ölkədə indiyədək COVID-19-dan 489 tibb işçisi dünyasını dəyişib.

Koronavirusun Avropadakı ocağı hesab olunan İtaliyada vəziyyət yenidən gərginləşib. Ölkədə COVID-19-a həm yoluxma, həm də ölüm sayında artım qeydə alınıb. İtaliyada təhlükəli virusdan vəfat edənlərin sayı 34 448-ə yüksəlib.

Yunanıstanda da koronavirusa yoluxma halları kəskin artıb. Ölkədə bir gündə 55 yeni yoluxma qeydə alınıb ki, bu da əvvəlki günlə müqayisədə 41 fakt çoxdur. Ölkənin şimalında yerləşən Rodope bölgəsində təhlükənin artması ilə əlaqədar yaşayış məntəqələrinin birində karantin və komendant saatı tətbiq olunub. Məhdudiyyətlər ölkənin şimalındakı Xanti bölgəsini də əhatə edir.  Həmçinin Yunanıstanın şərqində yerləşən Exinos qəsəbəsi COVID-19-la mübarizə tədbirləri çərçivəsində 7 gün ərzində tamamilə təcrid olunacaq. Buna iyunun 11-dən bəri qəsəbədə aşkar olunan 73 yeni yoluxma faktının qeydə alınması və son 3 gündə 4 nəfərin koronavirusdan ölməsi səbəb olub.  

Almaniyada da koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb. Ölkədə əvvəlki gündə 338 nəfərin COVID-19 testi pozitiv çıxmışdısa bir gün sonra bu rəqəm 645-ə yüksəlib. Bu arada, Almaniyada bütün böyük tədbirlərin oktyabr ayının sonuna qədər ləğvinə qərar verilib. Həmçinin noyabr ayında ölkədə ənənəvi karnavallar da keçirilməyə bilər. Bu barədə Bavariya Federal Torpağının Baş Naziri Markus Zöder kansler Angela Merkelin Almaniyanın 15 federal əyalət rəhbərləri ilə görüşündən sonra keçirilən brifinqdə deyib.

Fransada da koronavirusa yoluxanların sayında bir gün əvvəllə müqayisədə artım qeydə alınıb - 114 fakt daha çox.

Belçikanın paytaxtı Brüsselin Şarbeek bölgəsində isə bir şagirddə COVID-19 aşkar ediləndən sonra məktəb bağlanıb. 

Liviya hökuməti koronavirusla mübarizə çərçivəsində yeni karantin qaydaları ilə bağlı yazılı açıqlama yayıb. Ölkədə həftənin cümə və şənbə günlərində komendant saatının tətbiq olunmasına qərar verilib. Bu hal təhlükəli virus tam bitənədək hər həftə davam edəcək. Digər günlər isə qadağaların axşam saat 20:00-dan səhər 6:00-a qədər tətbiq olunacağı açıqlanıb.

İlkin Cəlilzadə

CANLI YAYIM