“Təhsil avtobusu – Nəsimi” yay məktəbi layihəsi başa çatıb

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi layihəsi başa çatıb

2 Avqust, 08:55 Sosial mediada paylaşın:

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilən “Təhsil avtobusu – Nəsimi” yay məktəbi layihəsi başa çatıb.

Təhsil Nazirliyindən bildiriblər ki, iyulun 23-dən başlanan yay məktəbi çərçivəsində “Təhsil avtobusu” 2500 kilometrdən çox məsafəni qət edərək, 5 bölgədən və 40 kənd, 4 qəsəbə, 3 şəhər məktəbindən akademik göstəriciləri zəif və orta olan 200-ə yaxın məktəblini əhatə edib.

“Təhsildə Nəsimi” şüarı ilə yola çıxan və iyulun 29-dək davam edən “Təhsil avtobusu” Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edib. Yay məktəbi müddətində iştirakçılar üçün “Nəsimi yaradıcılığı” əsasında hazırlanan 50-yə yaxın akademik saat həcmində təlim, tədris proqramı və intellektual yarışlar keçirilib. Şagirdlərin hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçirilən peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak ediblər.

Yay məktəbinin bağlanış mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 650 illiyi qeyd olunan İmadəddin Nəsiminin doğulduğu və ilk təhsilini aldığı Şamaxı şəhərində keçirilib.

Yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, dərsə marağının artmasına şərait yaratmaq və onlara Nəsimi yaradıcılığını tanıtmaqdır.

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam Reklam”, “Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü Proqramı, “BD Kids”, “Code Tusi” şirkəti, “SABAH” qrupları, “Sabah” Futbol Klubu, “Şəhanə” online mağazasının tərəfdaşlığı ilə keçirilib.

CANLI YAYIM