Şair yox, şeir olmaq istəyən Vaqif Səmədoğlu...

Şair yox, şeir olmaq istəyən Vaqif Səmədoğlu...

5 İyun, 17:00 Sosial mediada paylaşın:

Azərbaycan poeziyasına öz ruhunu qatan, Xalq Şairi Vaqif Səmədoğlu həm sözü, həm də parlaq şəxsiyyəti ilə bu gün də qəlblərdədir. Ömrünü şeirə bağışlayan şairin doğum günüdür.

Vaqif Səmədoğlu şeirində dediyi kimi 1939-cu ildə doğulsa da, 37-də tutuldu. Amma azadlıq nə onun özündən, nə də misralarından əskik oldu. Axı azadlıq şairin həm də doğma anası idi...

“Atama-anama minnətdaram ki, məni dünyaya gətiriblər. Çünki mən dünyanı çox sevirəm”, - deyə V.Səmədoğlu deyirdi.

Elə dünya da Vaqif Səmədoğlunu sevdi. Onu söz evində - böyük Səməd Vurğunun ocağında dünyaya gətirdi. Gələcək şairə öncə musiqi, bir də xoş dəqiqələrini yaşatmaq üçün fotoaparat verdi.

“Musiqidə ifa etmədiyini, deyə bilmədiyini sözlə deyə bilirsən, yaxud da əksinə, sözlə deyə bilmədiyini musiqi ilə deyirsən”, - deyirdi şair.

Amma dünyanın Vaqif Səmədoğluna ən böyük hədiyyəsi, heç şübhəsiz ki, sözdür. Çünki bilirdi ki, Allaha inanan gecələrində o, hər zaman dua yerinə şeir oxuyacaq.

“Mən dəqiq öz yerimi bilirəm ki, mənim yerim hardadı. Ya cənnətin ən isti yerindədir, ya cəhənnəmin ən sərin yerində”, - deyən Vaqif Səmədoğlunun dünyamızda yeri sözün içindədir. Çünki o, yaşamaq, əvvəldən axıra kimi oxunmaq, əzbər qalmaq istəyirdi. Şair yox, şeir olmaq istəyirdi.

Ülviyyə Heydərova

CANLI YAYIM