Bakı Dəmir Yolu Vağzalından Sabunçuya cəmi 15 dəqiqəyə... - REPORTAJ

31 İyul, 18:11 Sosial mediada paylaşın:

Elektrik qatarları sərnişinlərin rahatlığını təmin edir

 

“Elektriçka”... Bizim dilimizin sözü olmasa da, bizə doğma, içi bizim xatirələrlə dolu kəlmədir. Vaxtı ilə Abşeron yarımadasında gündə 5 minə yaxın sərnişinə xidmət göstərən, elektrik qatarlarının bir az qısaldılmış, bir az doğmalaşmış adı idi “elektriçka”. 10 il əvvələ qədər Bakı Dəmiryol Vağzalından hər gün səhər saat 5-dən başlayaraq 9 qatar işləyirdi. Onunla Bakı kəndlərindən düz şəhərin mərkəzinə qədər gəlmək olurdu. “Olurdu” deyirəm keçmiş zamanda, amma “olacaq” deməliyəm. Çünki  Bakı dairəvi dəmir yolu genişləndirilir.

 

Bakı Sərnişin Stansiyasının rəisi Ramin Abdullayev:

- Bakı dairəvi xətt üzrə bəzi stansiyaların yaxın aylarda açılışı olacaq. Bəzi dayanacaqlarımız açılacaq. Bu dayanacaqların açılması ilə biz Sumqayıta dairəvi xətt üzrə hərəkət edəcəyik. Sabunçudan sonra Zabrat 1, Zabrat 2, Pirşağı stansiyası, Məhəmmədi dayanacağı, Novxanı dayanacağı, Fatmayi dayanacağı açılmaqla sərnişinlərimiz rahat dairəvi xətt üzrə Sumqayıt stansiyasına gedəcəklər.

Bununla da gün ərzində elektrik qatarları ilə 30-50 min sərnişinə xidmət göstəriləcək. Sözügedən Bakı dairəvi dəmir yolunun ilk mərhələsi -  Bakı sərnişin-Sabunçu dəmir yolu xətti isə fəaliyyətini tam gücü ilə davam etdirir.

Bakıdan Sabunçu dəmiryolu vağzalına hər gün 10-u səhər, 10-u isə axşam olmaqla 20 reys həyata keçirilir. Və bu reyslərlə hər gün 1300-1500 arası sərnişin daşınır.

 

Ən maraqlısı isə odur ki, elektrik qatarı Bakı dəmir yolu vağzalından Sabunçuya cəmi 15 dəqiqəyə çatır.

Sərnişin Nərmin Hüseynova:

-      Marşrutda gözləməklə, metroda gözləməklə 1 saatdan çox vaxt itirirdik. Amma indi 15 dəqiqəyə “28”-də (28 may metro stansiyası – red.) oluruq.

 

Sərnişin Hakimə Əliyeva:

- Çox rahatdır, sərindir. Həm pulu da yaxşıdır. 3 marşrut dəyişirdim. İndi 1 marşrutla gedirəm.

-Nə qədər sizə sərf eliyir, cibinizdə nə qədər qalır?

-50 qəpik, 60 qəpik əlavə qalır. 

 

***

Bakı sərnişin-Sabunçu dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub. Yeni dayanacaqlarda müasir qatarlarla xidmət maşinistlərin də ürəyincədir.

 

Maşinist Şəmşəd Hüseynov:

- 20 ilə yaxındır mən dəmiryolunda öz fəaliyyətimə başlamışam. Əvvəl demək olar ki, bizim qatarlar yox vəziyyətində idi. Amma indio şükürlər olsun çox belə qəşəng, yaxşı, rahat qatardır. Biz özümüz də fəxr eliyirik ki, belə bir qatarda işləyirik. Və öz dövlətimizə, xalqımıza xidmət edirik.

Elektrik qatarının hələlik son dayanacağı Sabunçu dəmiryolu vağzalıdır. Vağzalın əvvəlki, baxımsız vəziyyətindən əsər-əlamət yoxdur. Bina bu sahədə mövcud olan ən müasir standartlara cavab verir. Amma bu da son deyil...

Gələcəkdə Sabunçu dəmiryolu vağzalı nəqliyyat habına çevriləcək. Bu isə o deməkdir ki, Bakının ətraf qəsəbə və kəndlərindən insanlar avtobuslar vasitəsilə bu vağzala gətiriləcək. Üzü şəhər istiqamətində isə sürət qatarı ilə daşınacaq.

 

Sərnişin Tağı Möhsünov:

- Qatara ona görə üstünlük veririk ki, həm sərfəlidir, 15 dəqiqəyə 28 mayda oluruq. Çox gözəl xidmət edirlər.

 

Sərnişin Firdovsi Hüseynov:

- Bu, sərfəlidir. Biri var  iki avtobus dəyişəsən, istidə gedib-gəlmək. Biri də var oturasan, mənzil başına tez çatasan.

 

Sərnişin Mehdi Hacıyev:

- Komfortdur. Girirsən içəri kondisioner işləyir. Wİ-Fi də var.

Bütün dünyada elektrik qatarları sərnişinlər üçün ən rahat və təhlükəsiz nəqliyyat vasitəsi hesab olunur. Onun inkişaf etdirilməsi avtomobil yollarında intensivliyə, avtobus marşrutlarının azalmasına kömək edir, ekoloji vəziyyəti yaxşılaşdırır, ən əsası isə sərnişinlər üçün əlverişlidir. Elə bu səbəbdəndir ki, Azərbaycan dövləti Bakı Sərnişin-Sabunçu dəmir yolu xəttinin yenilənməsi və dairəvi xəttin bərpası istiqamətində layihəni reallaşdırdı.

 

Ayşəm Rüstəmova, Elçin Tağıyev

Aztv.az