Tural Gəncəliyev: “Arutunyan açıqlamaları ilə savadsız, təsadüfi və oyuncaq bir fiqur olduğunu göstərir”

Tural Gəncəliyev: “Arutunyan açıqlamaları ilə savadsız, təsadüfi və oyuncaq bir fiqur olduğunu göstərir”

30 May, 22:01 Sosial mediada paylaşın:

Ermənistan tərəfindən Azərbaycanın işğal olunan Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma rejimin "başçısı" Araik Arutunyanın “əgər Azərbaycan Dağlıq Qarabağ bölgəsinin erməni icmasının öz müqəddəratını təyinetmə hüququnu tanıyarsa və təhlükəsizlik təminatı verərsə, münaqişə mərhələli şəkildə həll edilə bilər” açıqlamasına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev münasibət bildirib.

T.Gəncəliyev Azərbaycan Televiziyasının (AzTV) “Xəbərlər” proqramına açıqlamasında deyib ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli hər iki icmasının sülh şəraitində birgə yaşaması və inkişafı fəal şəkildə dəstəklənir: “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması üçün yeganə təhlükəsizlik riski işğala əsaslanan hazırki status-kvonun Ermənistan tərəfindən qorunub saxlanılması siyasətidir. Ermənistanın və qondarma rejimin təhlükəsizliklə bağlı iddiaları münaqişənin həllini yubatmaq və nəticədə Azərbaycan ərazilərinin işğalını uzatmaq üçün bəhanədən başqa bir şey deyil. Zaman-zaman kriminal məsələlərdə adı hallanmış oliqarx Araik Arutunyan açıqlamaları ilə “siyasət” və “idarəetmə”də nə qədər savadsız, təsadüfi və oyuncaq bir fiqur olduğunu göstərir”.

Bu arada, Kanada parlamentinin Nümayəndələr Palatasının erməni   lobbisinə yaxın olan üzvü Reyçl Harder Azərbaycanın işğal olunan ərazilərində təşkil edilmiş qondarma rejimin nümayəndəsinə məsuliyyətsiz “təbrik məktubu” göndərib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bu “təbrik məktubu”nu qınayıb və kəskin etirazını bildirib. İcmanın bəyanatında bildirilir: “Ermənistan beynəlxalq hüququn əsas prinsiplərinə, BMT və digər beynəlxalq təşkilatların qərarlarına zidd olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik ərazilərin qanunsuz işğalına davam edərkən, azərbaycanlı əhali 28 ildən çoxdur ki, etnik təmizləmə yolu ilə zorla evlərindən qovulub və təməl insan haqlarından məhrum edilib. 31 mart və 14 aprel tarixlərində Azərbaycanın işğal edilən ərazilərindəki "seçki” şousunu “legitimləşdirməyə” cəhd etmək təməl insan hüquqlarına və qanunun aliliyi prinsipinə hörmətsizlikdir. Beynəlxalq ictimaiyyət, o cümlədən Kanada, Azərbaycanla həmrəy olduğunu ifadə edib. Çox təəssüf ki, Kanada kimi insan hüquq və azadlıqlarına yüksək hörmət nümayiş etdirən bir ölkənin parlamentarisi Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinə dəstəyini ifadə edib, bununla da Kanadanın xarici siyasət maraqlarına və əsaslandığı dəyərlərə kölgə salıb”.

Tural Orucov

CANLI YAYIM