“Tərbiyəsi olmayan adam nə jurnalist ola bilər, nə də ailə başçısı...”

22 May, 17:00 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının (AzTV) “Çıxışa doğru” tok-şousunda “Jurnalist peşəsi sosial məsuliyyətdir” mövzusu ətrafında müzakirə aparılıb.

Verilişin qonaqları jurnalist, professor Cahangir Məmmədli, Mətbuat Şurasının sədr müavini, media üzrə ekspert Müşfiq Ələsgərli, Teleradio Akademiyasının rektoru, Əməkdar jurnalist Faiq Hüsiyev, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Natavan Bayramova olub.

Cahangir Məmmədli bildirib ki, Azərbaycanda jurnalistika ənənəsi çox güclüdür: “Jurnalistin peşə etikasının gözlənilməsi ənənəsi Həsən bəy Zərdabidən, Mirzə Fətəli Axundovdan, Cəlil Məmmədquluzadədən gəlir. Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” kimi bir satirik jurnal buraxdılar, amma orada heç vaxt təhqirə, yalan sözə, yoxlanılmamış fakta yer vermədilər. Jurnalistika təhsili alan tələbələrə biz ona görə mətbuat tarixini dəqiq formatda tədris edirik ki, onlar ənənəni bilsinlər. O ənənə bu gün xeyli dərəcədə yaşayır, qəzet formatında yaşayır, televiziyalarda yaşayır, amma yaşamadığı yerlər də var, əməl olunmadığı yerlər də var”.

Müşfiq Ələsgərlinin sözlərinə görə, artıq informasiya məkanı, media məkanı klassik formalarla, klassik standartlarla idarə olunmur. “İnternetin və sosial şəbəkələrin inkişafı informasiya məkanının fəaliyyətində tamamilə yeni standartlar formalaşdırıb. Problem ondadır ki, o standartların hüquqi və etik baxımdan qiyməti hələ ki tamamilə kamil şəkildə verilməyib”, - M.Ələsgərli vurğulayıb.

O qeyd edib ki, birinci yerdə informasiyanın keyfiyyət məsələsi olmalıdır, lakin dövrümüzdə peşəkarlıq ikinci mərhələyə keçir, birinci yerdə duran isə informasiyanı kimin birinci yaymasıdır və bunun üzərində də haqsız və ədalətsiz rəqabət gedir.

Faiq Hüsiyev deyib ki, jurnalist həqiqətin hər iki üzünü görməyi bacarmalıdır, obyektiv olmalıdır: “Jurnalist mütləq qaydada tərbiyəli olmalıdır. Tərbiyəsi olmayan adam nə jurnalist ola bilər, nə də ailə başçısı. Hər bir jurnalistin fərdi məsuliyyət hissi olmalıdır”.

Verilişə “Skype” vasitəsilə qoşulan “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, qeyri-dəqiq məlumatın dərc olunması peşə davranış qaydalarına ziddir: “Redaksiyaya daxil olan məlumat həmin dəqiqə dərc olunmamalıdır, istər doğru olsun, istər yalan olsun. Öncə qarşı tərəfin fikrini öyrənməlisən. Bu olmadığı halda birtərəfli qaydada hansısa informasiyanı işıqlandırırsansa, hesab edirəm ki, bu, jurnalistika peşəsinə xələl gətirir, ümumiyyətlə, kütləvi informasiya vasitələri haqqında qanunun pozulmasıdır. Jurnalist hansısa məlumatı dərc etmədən öncə onu ətraflı öyrənməlidir”.

CANLI YAYIM