“Təhsil Nazirliyi hamının evinə internet çəkdirə bilməz axı...” - Onlayn təhsilin müsbət və mənfi tərəfləri

“Təhsil Nazirliyi hamının evinə internet çəkdirə bilməz axı...” - Onlayn təhsilin müsbət və mənfi tərəfləri

21 May, 16:21 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının “Çıxışa doğru” tok-şousunun 21 may buraxılışının mövzusu pandemiya dövründə aktuallaşan onlayn dərslərdə valideynlərin rolu olub.

Müzakirələrə Respublika Təhsil Şurasının sədri Hikmət Əlizadə, Milli Məclisin deputatı Şahin Seyidzadə, Bakı-Avropa liseyinin İKT üzrə direktor müavini, Əməkdar müəllim Rəhilə Əliyarzadə, Təhsilin idarəolunması üzrə mütəxəssis, LANDAU məktəbinin müəllimi Qoşqar Məhərrəmov qatılıb.

Şahin Seyidzdə distant təhsillə bağlı iradlara cavab verib: “Ətrafdan çox sual gəlir ki, biz niyə distant təhsilə hazır deyildik və s. Əvvəla, pandemiyaya heç kim hazır deyildi, ikincisi, 190 ölkə buna reaksiya göstərdi, biz də tez reaksiya göstərən ölkələrdən 12-cisiyik. Əsas məsələ isə odur ki, distant təhsil ənənəvi təhsil prosesini əvəz edirmi? Yox. Bu gözlənti olmamalıdır. Var mövcud vəiyyətdən çıxış yolu, biri də var mövcud vəziyyəti ideallaşdırmaq və “bu belə olmalıdır” deyə çıxış etmək.

Onlayn təhsillə təhsil mühitini itirmişik, təlim-tərbiyə prosesini itirmişik – artıq bu sahədə müəllimlərin deyil, valideynlərin rolu vacib amilə çevrilib. Bu günə kimi valideynlərin rolu daha çox nəzarət idi, nəzarət funksiyası isə sovet təhsilindən irəli gəlirdi. Sovet təhsili deyirdi ki, sən uşağı mənə ver, müdaxilə etmə. Valideyn nəzarəti də o idi ki, nəzarət eləsin, uşaq 2 almasın. Valideyn də yükü qoyurdu məktəbin üzərinə və bununla da onun təhsildəki rolu minimallaşırdı. Pandemiya dövründə isə, əksinə, valideynin rolu artdı: biliyin veriıməsi, mənimsənilməsi, yadda saxlanılması və yoxlanılmasında o, əhəmiyyətli rol oynayır. Valideyn artıq gözləmə mövqeyindən iştirakçı mövqeyinə keçməlidir”.

Hikmət Əlizadə isə “onlayn təhsillə ənənəvi tədrisi paralel şəkildə inkişaf etdirə bilərikmi?” sualı ətrafında müzakirə aparıb.

Qoşqar Məhərrəmovun sözlərinə görə, onlayn tədrisdə müsbət məqam odur ki, məkan və zaman məsələsi artıq əhəmiyyətini itirib: “İnsan hansı şəraitdə olmasından asılı olmayaraq, interneti varsa, təhsil prosesinə qoşula bilir.

Bəzən qərəzli rəylər görürəm. Amma deyə bilərəm ki, Təhsil Nazirliyi bu işin öhdəsindən çox yaxşı gəldi, çevik addımlar atıldı. Sadəcə praktikada müəyyən problemlər var: internet çatışmazlığı, müəllimlərin müqavimət göstərməsi, valideynin səhlənkarlığı... Nazirlik nə edə bilərdi ki? Nazirlik gedib hamının evinə internet çəkdirə bilməz axı...”

Rəhilə Əliyarzadə isə müəllimin onlayn dərslərdə interaktivliyi necə təmin etməli olduğunu açıqlayıb.

CANLI YAYIM