Ağır koronavirus xəstələri üçün qan plazmalarının toplanmasına başlanıb: Kimlər donor ola bilər?

20 May, 22:05 Sosial mediada paylaşın:

Konvalesent immun plazma infeksion virusların müalicəsində ən çox istifadə edilən müalicə üsullarındandır. Əvvəllər dünyada geniş yayılan və koronavirusun yenidən gündəmə gətirdiyi bu metodun ölkəmizdə də tətbiqinə başlanılıb.

Bu üsulla infeksiya keçirən və sağalan insanlardan toplanan plazmalarla ağır xəstələrin müalicəsi aparılır. Belə ki, virusa yoluxan və sağalan insanların qanında virus əleyhinə xüsusi anticismlər yaranır. Donorlar koronavirusdan sağalan 18-60 yaş arasında insanlardan seçilir. 14-28 gün ərzində həmin donorlardan plazma toplanılır. Əsas məqam odur ki, donorlarda 14 gün ərzində virusun heç bir klinik əlaməti müəyyən edilməməli, təkrar götürülən koronavirus testi neqativ olmalıdır. Bütün mərhələləri keçəndən sonra onlar beynəlxalq standartlara uyğun müayinələrindən keçirlər. Sonra xüsusi cihazlar vasitəsilə qandan plazma götürülür.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin İcraçı direktoru Valeh Hüseynov deyir ki, aferez proseduru təxminən 45 dəqiqə çəkir: “Bu prosedur donorun həyatı üçün heç bir təhlükə yaratmır. İnfeksiya riski ciddi şəkildə məhdudlaşdırılır. Çünki aferez proseduru zamanı birdəfəlik steril setlər istifadə olunur. Prosedurdan sonra donorlar sağlam şəkildə normal həyatlarına qayıda bilərlər”.

Toplanan plazmalar 4-6 saat ərzində kritik xəstələrdə istifadə edilə, yaxud bu cür soyuducularda saxlanılaraq, daha sonra uyğun xəstələrdə istifadə oluna bilər. Plazmalar süni tənəffüs cihazına bağlı olan kritik vəziyyətdəki koronavirus xəstələrinə venadaxili köçürülür.

Sabir Bilalov, Elçin Tağıyev

CANLI YAYIM