Yataqxanalardakı məcburi köçkünlər yeni mənzillərlə təmin olunacaqlar: Müharibə əlillərinə isə avtomobil veriləcək

Yataqxanalardakı məcburi köçkünlər yeni mənzillərlə təmin olunacaqlar: Müharibə əlillərinə isə avtomobil veriləcək

20 May, 20:30 Sosial mediada paylaşın:

Yaxın günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin 2020-ci il üzrə mənzil və avtomobillə təminatına başlanacaq. Bununla yanaşı, yaxın günlərdə paytaxtda məskunlaşan daha bir qrup məcburi köçkün ailəsi də mənzillə təmin olunacaq. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ilin sonunadək nəzərdə tutulan 7 mindən çox məcburi köçkün ailəsinə mənzil verilməsi nəzərdə tutulub.

Bakıda 240 yataqxanada məcburi köçkünlər məskunlaşıb ki, onlardan 19-u artıq köçürülüb. 221 yataqxanada isə hələ də məcburi köçkünlər yaşayır. Amma yaxın günlərdə bu ailələrin mənzil problemləri də, tam həll olunacaq. İlkin olaraq paytaxt ərazisində müxtəlif universitetlərin tabeliyində olan 13 yataqxanada yaşayan 1300-dən çox ailənin “Qobu Park-3” yaşayış kompleksinə köçürülməsi nəzərdə tutulur. İlk öncə yaşayış massivlərinə dövlət başçısının tapşırığı əsasında ağır şəraitdə yaşayan ailələr köçürüləcək. Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişinə əsasən isə artıq “yol xəritələri” hazırlanıb.

Bununla bağlı məlumat verən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Departament direktoru İbrahim Mirzəyev deyib ki, 800 mənzilli yaşayış kompleksi Bakının Xocahəsən qəsəbəsində, 180 mənzilli kompleks Qaradağ rayonunda “Ümid-3” qəsəbəsində, 576 mənzilli kompleks Maştağa qəsəbəsində və 576 mənzilli kompleks Ramana qəsəbəsində nəzərdə tutulub.

Digər ərazilərə gəlincə, 2020-ci il ərzində Sumqayıt və Abşeronda məskunlaşan 3 min 42 ailə Abşeron rayonunda salınan 2 qəsəbəyə köçürüləcək. Samuxda 50, Füzulidə 30 fərdi ev, Lənkəranda 50 ailəlik bir beşmərtəbəli, Ağdamda isə 50 mənzillik bir beşmərtbəli binanın təhvil verilməsi planlaşdırılır.

Yaxın günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin də, 2020-ci il üzrə mənzillə təminatına başlanacaq. Onlardan bir hissəsinə yeni yaşayış binalarından alınmış mənzillər veriləcək. Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin isə bu il üzrə avtomobillə təminatı həyata keçiriləcək.

Tural Qurbanov, Nuran Ələkbərli

CANLI YAYIM