Təhsil Nazirliyi: Direktorların işə qəbulu üzrə müsabiqənin imtahan mərhələsi keçiriləcək

30 İyul, 15:35 Sosial mediada paylaşın:

Avqustun 2-də dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən bildiriblər ki, imtahanlar Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunacaq. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 2 mindən çox namizədin iştirakı nəzərdə tutulur.

İmtahan zamanı namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim ediləcək.

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən ediləcək.

Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən şəxslər iştirak edə bilərlər.