Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib

20 May, 15:10 Sosial mediada paylaşın:

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin mayın 20-də keçirilən iclasında 7 məsələyə baxılıb.

Əvvəlcə komitə sədri Səməd Seyidov gündəlik barədə məlumat verib.

Komitə sədri VI çağırış Milli Məclisdə Sədr Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində böyük islahatların aparıldığını vurğulayıb, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətə başladığını bildirib. Səməd Seyidov qarşıdan gələn Ramazan bayramı və Respublika Günü ilə əlaqədar deputatlara təbriklərini çatdırıb.

Sonra iclasa dəvət olunmuş Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov çıxış edib. Bildirib ki, yeni tərkibdə fəaliyyətə başlamış Milli Məclisdən həm cəmiyyətin, həm də ölkə rəhbərinin gözləntiləri çox böyükdür. Bu gözləntilər arasında parlamentin beynəlxalq fəaliyyəti ilə əlaqədar məqamlar da var və bu, mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti VI çağırış Milli Məclisin ilk iclasında parlamentarlardan beynəlxalq arenada çox fəal olmalarını istəyib. Bu baxımdan bütün deputatların, xüsusilə də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin, eləcə də Beynəlxalq münasibətlər şöbəsinin üzərinə böyük məsuliyyət düşür.

Çıxışında parlament diplomatiyasının əhəmiyyətini xüsusi vurğulayan İlkin Məmmədov qeyd edib ki, parlament diplomatiyamızın Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflər istiqamətində daha fəal və təsirli formada qurulması işində deputatlarla bərabər fəaliyyət göstərməyə tam hazırıq.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov gündəlikdəki qanun layihələrini şərh edib. Əvvəlcə bu il fevralın 25-də Azərbaycan və Türkiyə hökumətləri arasında Bakıda imzalanmış Sazişlər və Əlavə Protokol barədə məlumat verib. Bildirib ki, bu sənədlər Azərbaycan-Türkiyə əlaqələrinin yeni mərhələyə yüksəlməsi üçün çox vacibdir. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” ölkəmizin iqtisadi maraqlarına uyğundur.

Qeyd olunub ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Saziş vacib və əhəmiyyətli məsələləri əhatə edir. Belə ki, bu sənəd ölkələrimiz arasında dostluq və əməkdaşlığı möhkəmləndirməklə yanaşı, Azərbaycan və Türkiyə vətəndaşlarının səfərlərini də asanlaşdıracaq. Saziş hər iki tərəfin etibarlı pasport sahiblərinə şamil ediləcək. Yəni tərəflərin vətəndaşlarına məxsus pasportların ölkəyə giriş tarixindən etibarən ən azı 6 ay etibarlılıq müddəti olmalıdır və qonşu ölkədə vizasız maksimum qalma müddəti 90 gün nəzərdə tutulur.

Komitə üzvlərinə məlumat verilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin məramı uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirməkdir.

Nəzərə çatdırılıb ki, 2013-cü ilin 13 noyabrında Ankarada imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”də 2020-ci ilin 25 fevralında zəruri dəyişikliklər edilib. Müasir çağırışlardan irəli gələn həmin dəyişikliklərə dair Bakıda imzalanmış Əlavə Protokoldakı müddəalar mühüm əhəmiyyətə malikdir.

Sonra Səməd Seyidov Azərbaycan və Türkmənistan hökumətləri arasında bu il martın 11-də Bakıda imzalanmış sənədlər barədə məlumat verib. Bildirib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Saziş ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərini daha da inkişaf etdirmək, qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin fəaliyyəti üçün əlverişli şərait yaratmaq məramına xidmət edir.

Deputatların diqqətinə çatdırılıb ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolda ehtiva olunan əlavə və dəyişikliklər ölkələrimiz arasında avtomobil əlaqəsinin asanlaşdırılmasına, həmçinin bu iki dövlətin ərazisindən üçüncü ölkələrə tranzit üçün əlverilşli şəraiti təmin etməyə yönəldilib.

Sənədlər barədə məlumat dinlənildikdən sonra iclasda fikir mübadiləsi aparılıb. Müzakirələrdə Sabir Rüstəmxanlı, Ramil Həsən, Elman Nəsirov rəy və təkliflərini bildiriblər. Vurğulanıb ki, komitəyə təqdim olunmuş bütün sənədlər Azərbaycanın milli maraqlarına uyğundur.

Komitədə baxılan Azərbaycanla Türkiyə və Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair sazişlərin və protokolların təsdiq edilməsi barədə qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra iclasda cari məsələlərə baxılıb. Məzahir Əfəndiyev, Elman Nəsirov, Asim Mollazadə, Cavanşir Feyziyev, Ramil Həsən beynəlxalq təşkilatlarla münasibətlərin daha səmərəli qurulması, xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin yaradılması, parlament və hökumət arasında əməkdaşlığın vacibliyi, Azərbaycan XİN və Diaspor Komitəsi ilə birgə iş aparılması zərurətini və s. önə çəkiblər. Yekunda komitə sədri səslənən fikirlərə münasibətini bildirib.

CANLI YAYIM