İctimai nəqliyyatda sosial izolyasiya qaydalarına niyə əməl edilmir? - “Çıxışa doğru”da müzakirə

19 May, 16:48 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının (AzTV) “Çıxışa doğru” tok-şousunda “İctimai nəqliyyatda sosial izolyasiya qaydalarına niyə əməl edilmir” mövzusunda müzakirə aparılıb.

Verilişin qonaqları Bakı Nəqliyyat Agentliyinin mətbuat midmətinin rəhbəri Mais Ağayev, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətinin rəisi Etibar İsayev, yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov, sağlam və düzgün həyat tərzi üzrə təlimçi Məhsəti Hüseynova olublar.

Etibar İsayev qeyd edib ki, “Bakı Metropoliteni” sərnişinlərin təhlükəsizliyi üçün bütün tədbirləri görüb, lakin sosial izolyasiya qaydalarına riayət etmək insanların özündən asılıdır. O, sərnişinlərin süni şəkildə yaratdığı problemlərdən danışıb: “Qatara minəndə hamı çalışır elə bir vaqona minsin ki, düşdüyü stansiyada çıxışa daha yaxın olsun. Ona görə də bəzi vaqonlar, demək olar ki, tamamilə boş gedir. Bir vaqonda 20 nəfər sərnişin varsa, 1-ci və ya 2-ci vaqonda 200-300 sərnişin olur. Platformada dayanan növbətçilərimiz mütəmadi elan edirlər ki, xətdən kənarda dayanın, bərabər paylaşın, vaqonun qapısına yığışmayın, düşənlərə yol verin və s.”.

Verilişdə diqqətə çatdırılıb ki, sərnişinlər bəzən metroya düşərkən mühafizədən keçəndən sonra tibbi maskanı taxmırlar.

Azər Allahverənovun sözlərinə görə, insanların müəyyən qismində virusun olub-olmaması ilə bağlı inamsızlıq var və bu səbəbdən də məsuliyyətsizlik yaranır, mövcud qaydalara laqeyd yanaşırlar.

Məhsəti Hüseynova bildirib ki, sosial izolyasiya qaydalarını sürücülərdən çox sərnişinlər pozur: “Bu qaydaların pozulması vətəndaş məsuliyyətsizliyindən irəli gəlir, çünki vətəndaşlar bu qaydaları sadəcə qayda olaraq qəbul etməməlidirlər. Onlar başa düşməlidirlər ki, bu qaydalar onların sağlamlığı üçündür. Sağlamlıq dünyada bizə verilən ən böyük nemətdir. Əgər bunu itirsək və ya zədələsək, onu bərpa etmək mümkün olmayacaq”.

“Skype” vasitəsilə verilişə qoşulan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aytən Babayeva bildirib ki, sosial izolyasiya qaydaları karantin müddəti yumşaldılandan sonra da davam etdirilməlidir, çünki bunlar həm də gigiyenik qaydalardır.

CANLI YAYIM