AzTV yenidən İngiltərə premyer liqasının yayım hüququna sahib çıxıb

30 İyul, 12:55 Sosial mediada paylaşın:

Dünyanın bir nömrəli futbol çempionatı olan İngiltərə premyer-liqasının oyunlarını bu mövsüm də tamaşaçılarımız izləyə biləcəklər. Belə ki, AzTV oyunlarının yayım hüququnu əldə edib. Qarşıdakı mövsümün oyunları yenə də “İdman Azərbaycan” kanalında canlı yayımlanacaq. Bu barədə məlumatı kanalın direktor müavini Siyavuş Əliyev verib:

“Bütün azarkeşlərə xoş xəbərimiz var. Məlum olduğu kimi İngiltərə premyer liqasının müqaviləsi ötən mövsümün sonunda başa çatmışdı. Uzun sürən danışıqlardan sonra yenidən bu oyunların yayım hüququna sahib çıxdıq. İngiltərə premyer liqası ölkə futbol çempionatları arasında qiymətinə görə digərlərini üstələyir. Bu çempionatın oyunlarının yayım hüququnu əldə etmək elə də asan proses deyil. Nəzərinizə çatdıraq ki, qonşu Rusiyanın ən böyük federal kanalı olan Matç TV belə bu çempionatı yayımlaya bilməyəcək. Belə ki, orada oyunların hüququnu “RAMBLER.RU”  əldə edib. Onlar da oyunları tamaşaçılara yalnız abunə xidmət haqqı ilə çatdırır. Eləcə də qonşu Türkiyədə İngiltərə premyer liqası özəl və ödənişli televiziya platformasında yayımlanır. Bütün bunları nəzərə alaraq Azərbaycanda bu liqanın oyunlarının açıq şəkildə yayımlanması tamaşaçılarımıza böyük töhfədir.

Əlavə olaraq qeyd edə bilərik ki, ötən illərlə müqayisədə bu dəfə yayımlanacaq oyunların sayı daha çox olacaq. Əldə edilən razılaşmaya əsasən, oyunlardan əlavə İngiltərə premyer liqasına aid xüsusi hazırlanmış jurnalların hamısı da tamaşaçılara çatdırılacaq”.