Regionlarımızdakı ən böyük içməli sutəmizləyici qurğudan reportaj

Regionlarımızdakı ən böyük içməli sutəmizləyici qurğudan reportaj

15 May, 17:26 Sosial mediada paylaşın:

Bu gün Beynəlxalq İqlim Günüdür. Qlobal istiləşmə, atmosfer qatında artan ozonun miqdarı, təbii fəlakətlər, planetin hava şəraitinin dəyişməsi - bunlar hamısı Yer kürəsinin iqliminin pisləşməsinə səbəb olur. İqlim pisləşəndə ortaya çıxan əsas problemlərdən biri isə su qıtlığı, təmiz hövzələrin çirklənməsidir. Koronovirus pandemiyasının prioritet olduğu bu günlərdə su hövzələrinin, içməli, təmiz su ehtiyatlarının qorunması xüsusilə aktualdır.

Yer kürəsindəki suyun 97 faizi duzludur. Cəmi 3 faizi insanlar tərəfindən istifadə edilə bilər. 2 faiz şirin su donmuş haldadır. Dünyadakı suyun sadəcə 1 faizi içməyə yararlıdır.

Axtarış sistemlərində su yazmaq kifayətdir ki, təbiətdəki maye elementinin nə qədər dəyərli olduğunu anlayasan. Qarşına çıxan ilk sitat belədir: “Hər il sudan qaynaqlanan səbəblərə görə 3,5 milyon insan həyatını itirir. Dünya üzrə hər 9 nəfərdən biri üçün təmiz su əlçatan deyil... Bizi isə daha çox Azərbaycan maraqlandırır. Ölkəmizdə içməyə yararlı su mənbələri məhdud ehtiyatlara malikdir və qeyri-bərabər paylanıb. Su ehtiyatlarımızın 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Ən maraqlısı isə budur ki, ərazimizdə su ehtiyatlarının məhdudluğu və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazda sonuncu yeri tutmağımıza baxmayaraq, Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən irəlidədir. Təkcə bu fakt dövlətin su təhlükəsizliyinə necə böyük diqqət ayırdığının, çoxsaylı layihələrin effektivliyinin və görülən işlərin nəticəsinin sadə isbatıdır. Sözügedən işlərdən biri də Şəmkirçay sutəmizləyici qurğular kompleksidir.

“Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi ilə Gəncə, Şəmkir şəhərləri, Samux rayonu və ətraf kəndlər, eləcə də Göygöl və bir sıra kəndlərinin su təchizatı yaxşılaşacaq. Artıq sutəmizləyici qurğudan Gəncə və Şəmkir şəhərlərinə suyun verilməsinə başlanıb, Samux şəhərinə suyun verilməsinə hazırlıq görülür.

“Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi məhsuldarlığına görə Azərbaycanın regionlarında tikilmiş ən böyük içməli sutəmizləyici qurğudur. Bu sutəmizləyici qurğular kompleksinin imkanlarından istifadə olunmaqla, perspektivdə 547 mindən artıq insan keyfiyyətli və fasiləsiz içməli su ilə təmin ediləcək.

Kompleksdə bütün texnoloji proseslər - suyun həcmi, təzyiqi, emalı, hər bir mərhələdə keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması tam avtomatlaşdırılıb və proses bütövlükdə SCADA idarəetmə mərkəzindən idarə olunur. 

“Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksinin proses mühəndisi Elvin Təzəxanovun sözlərinə görə, proses 100 faiz avtomatlaşdırılmış sistemdə işləyir: “7 gün 24 saat nəzarətdədir. Bizim burada operatorumuz var, hər dəqiqə, hər an prosesə nəzarət edir.  Dəyişən rəqəmlərlə bağlı bizi məlumatlandırır. Bunun əsasında tədbir görürük ki, nə artsın, nə azalsın. Bütün bu deyilənlər hamısı avtomatik şəkildə davam edir”.

Layihəyə əsasən, suyun götürüldüyü nöqtədən təmizləyici qurğuyadək 1400 mm diametrli polad borularla daşıyıcı xam su xətti tikilib.

Daşıyıcı xətlə qurğuya ötürülən su ilk olaraq zərərsizləşdirilir və süzgəclər binasının paylama kamerasına daxil olur. Burada suyun təmizlənməsi və süzülməsi məqsədilə 14 bölmədən ibarət 7 süzgəc bloku inşa edilib.

Hər bir süzgəc blokunda suyun standartlara uyğun təmizlənməsi məqsədilə 120 sm qalınlığında kvars qumundan ibarət süzgəc qatı yaradılıb. Qum süzgəclərindən keçən su təmizlənərək toplayıcı kollektora, daha sonra hər birinin tutumu 2500 kubmetr olan 3 su anbarına ötürülür.

“Azərsu” ASC-nin texnoloqu Zahid Qasımovun sözlərinə görə, su süzüldükdən sonra onun parametrləri təkrarən izlənilir: “Bulanıqlığı, qalıq xloru, elektrik keçiriciliyi izlənilir və təmiz su anbarına keçid üçün hazırlanır.

“Azərsu” olaraq biz su təchizatı sisteminin qapalılığını təmin etmək, çirklənmə risklərini minimuma endirmək üçün gərgin mübarizə aparırıq. Bu təchizat sistemində vətəndaşın suya toxunması, ona əlavə çirkləndiricilər verməsi qeyri-mümkündür. Çünki su ən sonda zərərsizləşdirilərək, qapalı surətdə şəbəkəyə nəql edilir”.

Zərərsizləşdirmə prosesi həm emal prosesindən əvvəl, həm də sonra aparılır. Suyun bulanıqlığı, qalıq xlorun miqdarı, hidrogen göstəricisi, temperatur və elektrik keçiriciliyi müəyyən olunur.

Yeni qurğuda texnoloji proseslərin normal şəraitdə həyata keçirilməsi üçün isitmə və soyutma sistemləri quraşdırılıb. Şəmkirçay sutəmizləyici qurğusundan emal olunan suyun Gəncə şəhərinə nəqli üçün 27,5 km uzunluğunda magistral su kəməri çəkilib və  şəhərdəki anbar kompleksinə qoşulub. Samux şəhərini içməli su ilə təmin etmək üçün Gəncə su anbarından şəhərə 10 km magistral su kəmərinin tikintisi də yekunlaşıb. Şəmkirçay sutəmizləyici qurğusunda sutkada emal olunacaq 140 min kubmetr suyun 100 min kubmetri Gəncə, 16 min kubmetri Şəmkir, 8 min kubmetri Samux şəhərinin,  qalan hissəsi isə magistral kəmərlərin marşrutu boyu yerləşən kəndlərin tələbatının ödənilməsinə yönəldiləcək.

Dövlətin böyük maliyyə imkanları, hökumətin müasir meqa-layihələri əhalini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin etmək gücündədir. Ancaq qənaət güclə, imkanla əlaqəli deyil. Bu, vicdanla, bilməklə və fərqində olmaqla bağlıdır. Unutmayaq: Dünyadakı suyun sadəcə 1 faizi içməyə yararlıdır. Sadəcə bir...

 

Ayşəm Rüstəmova

CANLI YAYIM