Millət vəkili Qənirə Paşayeva: "AzTV-nin həyatında yeni mərhələ başlanıb"

Millət vəkili Qənirə Paşayeva: "AzTV-nin həyatında yeni mərhələ başlanıb"

29 İyul, 13:33 Sosial mediada paylaşın:

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində son altı ayda çox ciddi keyfiyyət dəyişiklikləri baş verməsini həm tamaşaçı, həm də keçmiş bir həmkar olaraq böyük məmnuniyyətlə izləyirəm. Efirin siması demək olar ki, büsbütün dəyişib, televiziyada böyük canlanma yaranıb".

Bu fikrləri millət vəkili Qənirə Paşayeva Facebook səhifəsində yazıb.

Deputat daha sonra bildirib ki, dövlət televiziyasının həyatında yeni bir mərhələ başlayıb:

"Qısa müddət ərzində belə dəyişikliklərə nail olmaq önəmli uğurdur və ümid edirəm ki, uğurlar daha da artacaq. Bir sözlə görünən odur ki, uzun sürən durğunluq dövrü başa çatıb və AzTV-nin həyatında yeni mərhələ başlanıb. Yeni mərhələ isə özündə yeniləşmə, müasirləşmə və yüksək zövq ehtiva edir. Efir dinamikasına nəzər salan hər kəs bunun canlı şahidi olur. Burada xüsusi qeyd ediləsi məqamlardan biri də təqdim olunan yeni verilişlərdir. Təbii ki, böyük zəhmət və gərgin fəaliyyət tələb edən verilişlərin ərsəyə gəlməsi, efirin yüksək zövqlə təqdimatı həm də mənəvi-psixoloji amillə də birbaşa bağlıdır. Şübhəsiz ki, sağlam mühit yaradıcılıq imkanlarını artırır, yeni-yeni ideyalara yol açır. Xüsusilə ictimai-siyasi proqramları qeyd etmək istəyirəm. Dəfələrlə qonaq qismində dəvət aldığım bu istiqamətdə proqramların hər birində aktuallıq və operativlik başlıca prinsip kimi diqqətdə saxlanılır. Bəzi hallarda isə bu verilişlər birbaşa park və xiyabanlardan yayımlanır. Bu da məncə AzTV-nin efir praktikasında ilklərdən biridir".

Millət vəkili daha sonra "Mədəniyyət" kanalından da söhbət açaraq öz fikrlərini bildirib:

""Mədəniyyət" kanalında da yeni və bir-birindən maraqlı layihələr izləyirik. Telekanalda yayımlanan bütün yeni proqramlar tamaşaçının maariflənməsinə, milli-mənəvi dəyərlərin, xüsusilə gənclərdə vətənpərvərlik əhval-ruhiyyəsinin artmasına zəmin yaradır. Bütün bunlar efir palitrasını zənginləşdirir, nəticə etibarilə tamaşaçının intellektini zənginləşdirir. Bir sözlə, AzTV son 6 ayda müsbətə doğru çox böyük addımlar atıb və bunu görməmək sadəcə mümkün deyil. AzTV-dəki həmkarlarıma bundan da böyük uğurlara imza atmalarını diləyirəm".
 

Azadinform.az

CANLI YAYIM