Vətənpərvərliyi təbliğ edən “Döyüşçü”

27 İyul, 09:11 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının efirində yayımlanan, gənc nəslə vətənə bağlılığı, mübarizliyi aşılayan “Döyüşçü” layihəsi hər dəfə formaca müasir, məzmunca milli dəyərlərə söykənən verilişlərlə tamaşaçı qarşısına çıxır.

Elə bu səbəbdəndir ki, layihə ilə bağlı yeniliklər geniş tamaşaçı kütləsi tərəfindən rəğbətlə qarşılanır.

Son aylar televiziyada iki hərbi vətənpərvərlik layihəsi yayıma başlayıb: “Vətənə xidmət” tok-şousu, “Döyüşçü” hərbi-vətənpərvərlik verilişi.
Tok-şouda müxtəlif vətənpərvərlik mövzuları tanınmış ekspertlərin iştirakı ilə müzakirə olunur.

“Döyüşçü” layihəsində isə ordu quruculuğundan, Azərbaycan əsgərinin gündəlik döyüş fəaliyyətindən söz açılır. Verilişin ana xəttini Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş və mənəvi-psixoloji hazırlığının təbliği təşkil edir. Ordumuzun bütün qoşun növləri, o cümlədən Sərhəd Qoşunlarının və Daxili Qoşunların döyüş hazırlığı ardıcıl şəkildə işıqlandırılır. Silahlı Qüvvələrimizin arsenalında olan yeni silah və texnika növləri haqqında süjetlər hazırlanır, ayrı-ayrı bölmələrin gündəlik xidməti-döyüş fəaliyyətini əks etdirən materiallar təqdim olunur.

Verilişin hazırlanmasında analitik təhlilə geniş yer verilir. Ordu quruculuğu prosesinin elmi əsaslarla təhlil olunduğu bu layihədə elit bölmələrimizin fəaliyyəti xüsusi diqqətdə saxlanır.

Çəkilişlər ən müasir texniki vasitələrlə aparılır ki, bu da tamaşaçı zövqünü oxşayır. Bir sözlə, verilişlərin hazırlanmasında müasir, peşəkar yanaşmalardan istifadə edən kollektiv bütün mümkün vasitə və metodlardan istifadə etməklə çalışır ki,gənclərimiz, eləcə də hərbi qulluqçularımız lazımi informasiyalarla maarifləndirilsin.

Proqramın yaradıcı heyəti həqiq hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərdən ibarətdir. Bu da imkan verir ki, regionda lider olan ordumuzun real döyüş qabiliyyətini tamaşaçılara təqdim edək.

Musavat.com