Bakı Turizm İnformasiya Mərkəzi “Küçə sənətçiləri” layihəsini təqdim edib

Bakı Turizm İnformasiya Mərkəzi “Küçə sənətçiləri” layihəsini təqdim edib

26 İyul, 15:26 Sosial mediada paylaşın:

İyulun 26-da “Hilton” otelində Dövlət Turizm Agentliyinin tabeliyində olan Bakı Turizm İnformasiya Mərkəzinin “Küçə sənətçiləri” adlı layihəsinin təqdimatı keçirilib.

Layihə Bakı küçələrində aktyorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara və digər yaradıcı şəxslərə öz istedadlarını nümayiş etdirmək üçün lazımi şəraitin yaradılmasını özündə əks etdirir.

Tədbirdə layihənin dəstəkçiləri olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri iştirak ediblər.

Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov çıxışında bildirib ki, son illər Azərbaycana turist axını daha da artıb. Bu da ölkəmizin iqtisadiyyatında çox böyük rol oynayır. Dövlət Turizm Agentliyi də turistlərin səfərdən məmnun qalması üçün onlara geniş imkanlar yaradır.

Turizm məhsullarından danışan natiq turistlərin Azərbaycana səfər edərkən ölkəmizdə yaradılan turizm mərkəzlərinin, muzeylərin, qastronomiyanın onlara təqdim edilməsinin vacibliyindən söz açıb. Bildirib ki, xarici qonaqlar tək mədəniyyət ocaqları ilə tanış olmaq üçün gəlmir. Burada idman, sağlamlıq və digər turizm növləri də böyük rol oynayır.

Qeyd edib ki, turizm məkanları ilə zəngin olan ölkəmiz gələn qonaqların səyahətini maraqlı edə bilər.

Statistikaya nəzər salan R.Bağırov ötən illə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkəmizə gələn turistlərin sayında 6,5 faiz artım olduğunu diqqətə çatdırıb. O söyləyib ki, bu rəqəm yalnız yay mövsümünə aiddir. Burada soyuq aylarda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinə, “Şahdağ” Turizm Mərkəzinə xizək sürməyə gələn turistlərin də sayı hər il artır. Ölkəmizdə keçirilən beynəlxalq miqyaslı tədbirlər isə ziyarətçilər arasında böyük maraq kəsb edir. Tək Formula 1 yarışlarına 74 ölkədən 85 min qonaq qatılmışdı.

Bildirilib ki, dövlət qurumlarının dəstəkçi olduğu “Küçə sənətçiləri" layihəsinə əsasən ilkin mərhələdə küçə sənətçiləri arasında seçim baş tutacaq. Seçim mərhələsini uğurla adlayan sənətçilərə Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində çıxış etmələri üçün rəylər veriləcək.

R.Bağırov bildirib ki, bu cür insanlar küçələrdə özlərinə bir yer seçərək öz istedadlarını göstərirlər. Bu cür istedadlara dəstək olan Dövlət Turizm Agentliyi isə onlar üçün seçim turu təşkil edir və sonrakı fəaliyyətlərinə şərait yaradır. Bu istedadlar arasında tək musiqiçi deyil, karikatura çəkən, rəqqas və yaxud hansısa məşhur qəhrəmanı yamsılayan bir aktyor da ola bilər.

Layihə çərçivəsində aktyorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara və digər yaradıcı şəxslərə öz istedadlarını nümayiş etdirməyə lazımi şərait yaradılacaq.

“Küçə sənətçiləri” layihəsinin əhəmiyyəti turistlərin bu cür tədbirlərə xüsusi maraq göstərməsinə, həmçinin qonşu ölkələrdə də tətbiq edilən bu növ əyləncəli küçə şoularının müsbət nəticələr verməsinə əsaslanır.

Sonda media işçilərinin verdiyi suallar cavablandırılıb.

CANLI YAYIM