Dövlət başçısının imzaladığı sərəncamına əsasən, Gəncədə də modul tipli xəstəxananın inşasına başlanılıb.
Ölkəmizdə xüsusi karantin rejiminin yumşaldılmasına baxmayaraq, COVİD-19 pandemiyasının geniş ərazidə yayılması riski hələ də qalır. Buna görə də qabaqlayıcı tədbirlər davam etdirilir. Bu çərçivədə modul tipli xəstəxanaların tikintisi surətlə aparılır. Artıq Gəncə şəhərində də modul xəstəxananın inşasına başlanılıb.
Gəncə şəhər Yoluxucu Xəstəliklər xəstəxanasının yaxınlığında tikilən xəstəxananın bünövrəsi tam hazırdır.Yaxın günlərdə daşınan konstruksiyanın quraşdırılmasına başlanılacaq. Xəstəxananın qısa vaxtda istifadəyə verilməsini təmin etmək üçün parallel olaraq əraziyə su, təbii qaz və elektrik enerjisi xətləri çəkilir. Bildirilib ki,koronavirus pandemiyasına yoluxan şəxslərin effektiv müalicəsinin təmin etmək məqsədilə inşa olunan mobil tipli xəstəxanada işlərin 45 günə tam başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur. Yeni xəstəxana 100 palatadan ibarət olacaq. Hər palataya iki çarpayı yerləşdiriləcək. Səhiyyə ocağında koronovirusa yoluxan xəstələrin müalicəsini aparmaq üçün lazım olan bütün zəruri tibbi avadanlıqlar quraşdırılacaq.
Qeyd edək ki, “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” dövlət başçısının imzaladığı sərəncamına əsasən, ölkə üzrə 6 modul tipli xəstəxana inşa edilir. Bu xəstəxanaların quraşdırılması üçün dövlət büdcəsindən 14,8 milyon manat vəsait ayrılıb.