Qoşulmama Hərəkatının Nazirlər Şurası Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyib

26 İyul, 08:43 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Qoşulmama Hərəkatına (QH) hazırda sədrlik edən Venesuela Bolivar Respublikasının Karakas şəhərində Hərəkatın Nazirlər Şurasının iclasında iştirak edib. İclas zamanı gündəlikdə yer alan digər məsələlərlə yanaşı, Qoşulmama Hərəkatının bu il oktyabrın 21-26-da Bakı şəhərində keçiriləcək 18-ci Zirvə Görüşünə hazırlıqla bağlı məsələlər müzakirə edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, tədbirin sonunda Qoşulmama Hərəkatının məqsəd və prinsipləri ilə əlaqəli beynəlxalq sülh, təhlükəsizlik və sosial-iqtisadi inkişafa dair bir çox məsələlərin əks olunduğu yekun sənəd qəbul olunub.

Qoşulmama Hərəkatının Nazirlər Şurasının Yekun sənədində Azərbaycan Respublikasının mövqeyini dəstəkləyən bənd öz əksini tapıb. Burada, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrə baxmayaraq, Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qaldığı, beynəlxalq və regional sülh və təhlükəsizliyə təhdid yaratmaqda davam etdiyi nazirlər tərəfindən təsdiqlənir. Həmçinin sözügedən bənddə Qoşulmama Hərəkatına üzv ölkələrin nazirləri BMT Nizamnaməsində əks olunan gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha təsdiqləyərək, tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində danışıqlar yolu ilə nizamlanması axtarışını davam etdirməyə çağırırlar.

2012-ci ildən etibarən Qoşulmama Hərəkatının qəbul etdiyi bütün sənədlərdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına birmənalı dəstək və Ermənistan-Azərbaycan münaqişəsinin məhz bu prinsiplər əsasında həllinə çağırış ifadə olunur.