Prezident İlham Əliyev Boris Consonu Böyük Britaniyanın Baş naziri seçilməsi münasibətilə təbrik edib

25 İyul, 09:21 Sosial mediada paylaşın:

Azərbaycan Prezidenti İlham Əliyev Boris Consonu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

“Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Bu mənada qarşılıqlı səmərəli əməkdaşlığımız məmnunluq doğurur”, - deyə dövlətimizin başçısı məktubda bildirib.

Prezident İlham Əliyev məktubda neft-qaz hasilatı və nəqli sahəsindəki əməkdaşlığımızı xüsusi qeyd edib. Vurğulayıb ki, enerji sektorunda uzun illərdən bəri müvəffəqiyyətlə davam edən birgə fəaliyyətimiz, gerçəkləşdirdiyimiz irimiqyaslı transmilli layihələr qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfədir.

“İnanıram ki, qarşılıqlı maraqlarımıza uyğun olaraq Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin inkişafı istiqamətində Sizinlə birgə səylər göstərəcəyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident İlham Əliyev Baş nazir Boris Consona ən xoş arzularını yetirib, qarşıdakı fəaliyyətində ona uğurlar diləyib.