“Təhsil avtobusu - Nəsimi” yay məktəbinin iştirakçıları Qubada olublar

“Təhsil avtobusu - Nəsimi” yay məktəbinin iştirakçıları Qubada olublar

24 İyul, 17:36 Sosial mediada paylaşın:

“Nəsimi ili”nə həsr olunan “Təhsil avtobusu - Nəsimi” yay məktəbinin iştirakçıları Qubada olublar. Layihənin məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına şərait yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin biliyinin, dünyagörüşünün artırılması və Nəsimi yaradıcılığının tanıdılmasıdır.

“Təhsil avtobusu - Nəsimi” yay məktəbi bu il Bakı, Şamaxı, sərhəd və sərhədə yaxın rayonların ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan 5-9-cu sinif şagirdlərini əhatə edir. Şagirdlər üçün “Xəyal et və yarat”, “Sabahı düşün”, “Gələcəyə addımla”, “Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” təlimləri və “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Layihənin məqsədi məktəblilərin dünyagörüşünün inkişafı, dərsə maraqlarının artırılması və gələcək fəaliyyətlərinə müsbət təsir etməkdir.

Layihənin meneceri Ülviyyə Axundova deyir: “Bu çərçivədə bu il peşə,intelllektual, peşə, həmçinin incəsənət təlimlərinə üstünlük verilib, hansı ki,biz bu təlimərdə görürük ki, şagirdlər üçün faydalı və maraqlı olacaq, bunların nəticəsində şagirdlər doğurdan da elə bir nəticə əldə edəcəklər ki, onlar gələcək həyatlarında bu məlumatları istifadə edə biləcəklər.

"Təhsil avtobusu” 20-25 nəfərlik bir heyətlə yola düşüb. Proqrama əsasən incəsənət, sağlam təhsil, məntiq, motivasiya, intellektual mövzular, robotlar hazırlamaq və bir çox mövzular salınır. Layihədə iştirak edən təlimçilər isə könüllü olaraq iştirak edirlər.

Təlimçi Ağasadıq Süleymanov: “Bizim təlimlərin əsas məqsədi uşaqları sənaye-dizaynla tanış eləmək və mühazirəni praktik şəkildə,təcrübəli şəkildə uşaqlara çatdırmaqdan ibarətdir”.

 “Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” Milli Təhsil Proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. 2016-cı ildən başlayan bu layihə çərçivəsində 6 min km yol qət edilib. İyulun 29-dək davam edəcək builki yay məktəbi çərçivəsində də ölkənin 5 bölgəsində yaşayan şagirdlər Qubadan sonra Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcəklər. Layihənin bağlanış mərasimi İmadəddin Nəsiminin doğulduğu Şamaxı şəhərində baş tutacaq.

 

Elnur Teymurov,Elçin Qurbanov, Arzu Abbaslı,

AzTV, “Xəbərlər”

CANLI YAYIM