Yeni məktəb binaların tikilməsi, yaxud əsaslı təmir edilməsi ilə minlərlə şagirdin təhsil şəraiti yaxşılaşdırılıb. Bu proses ölkəmizin bütün bölgələrini əhatə edir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarında da məktəb tikintisi əsas yerlərdən birini tutur. Bu proses hazırda da davam edir. Astara rayonunun məktəbəri üçün də yeni binalar tikilir, təhsilin maddi-texniki bazası gücləndirilir.
Son illərdə Astara rayonunda 34 yeni məktəb binası tikilib, 4 modul tipli məktəb quraşdırılıb, 8 təhsil müəssisəsi isə əsaslı təmir edilib. Ötən il Bala Şahağac kənd ümumi orta məktəbi üçün 96, Siyətük kənd ibtidai məktəbi üçün 56, Şəmətük kənd ibtidai məktəbi üçünsə 20 şagird yerlik yeni binalar istifadəyə verilib.
Hazırda isə Dolu kənd ibtidai məktəbi üçün 40 şagird yerlik modul tipli məktəb quraşdırılır. Burzubənd kənd tam orta məktəbi üçün 360 şagird yerlik yeni məktəb binası inşa edilir. Burzubənd kəndində məktəb binasının tikintisinə 2018-ilin iyulundan başlanılıb. 40 ilə yaxındır məktəbdə riyaziyyat fənnini tədris edən Arif müəllimin dediyinə görə, 1963-cü ildə tikilən məktəb binasının yarasız hala düşməsi, istilik sisteminin olmaması tədrisin keyfiyyətinə də mənfi təsir göstərirdi. Buna görə də şagirdlərin təxminən yarısı başqa məktəblərə getməyə məcbur olublar. Yeni məktəb binasının tikilməsi ilə bu vəziyyətə son qoyulur: “Yenidən bura axın olacaq. Məktəbdə tədrisin keyiyyəti daha da yüksələcək. Biz yeni-yeni nalilyyətlər əldə edəcəyik. 11-sinfi 13 şagird bitirib. Onlardan 6-sı yüksək bal toplayaraq ali məktəbə qəbul olub. Məktəbimizin bu şəkildə tikintisi bizi həvəsləndirir ki, gələn il bundan da yüksək nəticəyə nail olaq”.
İkimərtəbəli, 2 korpusdan ibarət məktəb binasında tikinti-quraşdırıma, konstruksiya işləri başa çatıb. Məktəbin dam örtüyü də vurulub. Elektrik, istilik xətləri çəkilib. Hazırda əsas inşaat işləri binanın içərisində aparılır.
Növbəti mərhələdə binanın daxilində avadanlıqların quraşdırılmasına keçiləcək. Hazırda içəridə polvurma və rəngsaz işləri davam etdirilir. Məktəbin ətrafında köməkçi obyektlər tikilib. Qazanxana, nasosxanasu su çənləri və anbarları tikilib. Məktəb həyətində artezian vurulub. Daima su ilə təminat üçün transformator quraşdırılıb.
Məktəb ümumilikdə 30 otaqdan ibarət olacaq. Bunun da 4-ü ibtidai sinif olmaqla 15 sinif otağıdır. Həmçinin məktəbdə kitabxana, yeməkxana, akt zalı və fənn laboratoriyaları da fəaliyyət göstərəcək.
Məktəbdə idman zalı da tikilir. Bir sözlə, binada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılır. Hazırda həyəti də abadlaşdırılan məktəb yeni dərs ilində istifadəyə veriləcək.
Pərvanə Nəhmətqızı, Rövşən Məmmədov,
AzTV, “XƏBƏRLƏR”