Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

8 Aprel, 13:10 Sosial mediada paylaşın:

Energetika Nazirliyi cari ilin ilk rübündə Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatı açıqlayıb.

Nazirlikdən bildirilib ki, rüb ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 175,1 milyon kilovat/saat (2,57 faiz) artaraq 6 milyard 967,7 milyon kilovat/saat olub.

Hesabat dövründə keçən ilin ilk rübünə nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 257,3 milyon kilovat/saat artaraq 6 milyard 657,6 milyon kilovat/saat, su elektrik stansiyalarında (SES) 83 milyon kilovat/saat azalaraq 220,5 milyon kilovat/saat, digər mənbələr (külək, günəş və Bərk məişət tullantılarının yandırılması zavodu) üzrə isə 0,9 milyon kilovat/saat artaraq 89,7 milyon kilovat/saat olub. Külək elektrik stansiyalarında 24,9 milyon kilovat/saat, günəş elektrik stansiyalarında 9,1 milyon kilovat/saat, Bərk məişət tullantılarının yandırılması zavodunda 55,6 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 milyard 295,6 milyon kilovat/saat (İES-lərdə 6 milyard 99,8 milyon kilovat/saat, SES-lərdə 195,8 milyon kilovat/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 83,6 milyon kilovat/saat (İES-lərdə 54,7 milyon kilovat/saat, SES-lərdə 21,2 milyon kilovat/saat, günəş stansiyalarında 7,7 milyon kilovat/saat), müstəqil elektrik stansiyaları üzrə 588,5 milyon kilovat/saat olub.

Birinci rübdə elektrik enerjisinin ixracı 483,2 milyon kilovat/saat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,9 milyon kilovat/saat azalıb. Elektrik enerjisinin idxalı 27 milyon kilovat/saat olub, keçən ilin ilk rübünə nisbətən 14 milyon kilovat/saat azalıb.

CANLI YAYIM