Talassemiya xəstəsi olan uşaqlar üçün qanvermə aksiyası keçirilir

Talassemiya xəstəsi olan uşaqlar üçün qanvermə aksiyası keçirilir

7 Aprel, 16:00 Sosial mediada paylaşın:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) növbəti sosial layihə - talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası həyata keçirir.

Azərbaycanda talassemiya və hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunublar. Ölkəmizdə bu həssas sahə ilə bağlı görülən tədbirlər əhalinin daha sağlam gələcəyinə hesablanıb. Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda bu infeksiyaya daha çox immuniteti zəif və qanı normadan aşağı olan insanların daha tez yoluxma ehtimalını, onların risk qrupuna aid olduqlarını nəzərə alaraq, cəmiyyətin diqqətinin bu sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrə mənfi təsir göstərə bilər.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Fondunun çağırışına cavab olaraq, qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək vermək, onlar üçün tədarük edilən qan ehtiyatını artırmaq məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə aprelin 7-də Milli Hematologiya və Transfuziologiya Mərkəzində qanvermə aksiyası keçirilib. Vətəndaşlar qana ehtiyacı olan uşaqların köməyinə çatmaq üçün bu humanist aksiyada həvəslə və könüllü şəkildə iştirak ediblər. Aksiyada “Ümidli Gələcək” İctimai Birliyi, “Birlik” Xeyriyyə Təşkilatı, “Bakı Tekstil Fabriki”nin əməkdaşları və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri də iştirak ediblər. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

CANLI YAYIM