Dünya ölkələrində koronavirusla bağlı son vəziyyət necədir?

Dünya ölkələrində koronavirusla bağlı son vəziyyət necədir?

18 Mart, 15:30 Sosial mediada paylaşın:

Çində 1 gündə 11 nəfər virusdan dünyasını dəyişib. Bu ölkədə koronavirusun ölüm sayı 3237-yə yüksəlib. Cənubi Koreya, ABŞ, Norveç, Avstraliya, Braziliya, Lüksemburq, Albaniya və Moldovada da koronavirusdan yeni ölüm halları qeydə alınıb. Türkiyədə isə virusdan ilk ölüm rəsmən təsdiqlənib.

Ötən gün İtaliyada virusdan dünyasını dəyişənlərin sayı 345 nəfər artaraq 2503-ə yüksəlib. Avropada virusun yayılması və bundan ölümlərə görə ikinci ölkə olan İspaniyada isə xəstəlikdən vəfat edənlərin sayı 510-a çatıb. Bu ölkədə koronavirusdan dünyasını dəyişənlərin 15-i qocalar evinin sakini olub.

Dünya üzrə virusa yoluxanların sayı isə 199 min 300 nəfəri keçib. Avropada Covid-19 virusunun tapıldığı sonunçu ölkə Monteneqro olub. Qambiyada da ilk yoluxma qeydə alınıb.

Çində qeydə alınmış 13 yeni yoluxmadan 12-si əcnəbilərdə aşkar edilib. Ümumiyyətlə, virusa yoluxmada hər ölkə üçün əsas təhlükə xaricdən gələnlər, o cümlədən əcnəbilərdir. Bu səbəbdən Tayvan adasına əcnəbilərin girişi qadağan edilib.

Pandemiya əsasən aviasiya sektoruna mənfi təsir edib. Şengen zonası əcnəbilər üçün bağlandığından aviaşirkətlər beynəlxalq uçuşları minimuma endirib.
ABŞ-ın United Airlines şirkəti aprel ayı üçün beynəlxalq reysləri 85% azaldıb. Bu arada, ABŞ-in Kaliforniya ştatında məktəblərin tədris ilinin sonunadək bağlı qalması müzakirə olunur.

Avropada da yeni qadağalar tətbiq olunur. İtaliya və Fransada küçəyə çıxmaq üçün polisin yazılı icazəsi tələb olunur. Fransa tarixində 200 illik qayda dəyişdirilərək çörək istehsalçılarına həftədə 7 gün işləməyə icazə verilib. Buna səbəb çörəyə tələbatın kəskin artmasıdır. Ölkədə bu həftədən etibarən istirahət günlərində avtomobil alışı və satışı da qadağan edilir. Serbiyada isə pandemiya səbəbindən parlament seçkiləri qadağan edilib.

Əhalinin hərəkətinin məhdudlaşdırılması dünya miqyasında aviasiya və avtomobil yanacağına tələbatın kəskin şəkildə azalması ilə nəticələnib. Buna görə də Avropanın bir neçə neft emalı zavodu istehsal həcmini azaldıb.

Planetin digər ərazilərində də virusa qarşı qabaqlayıcı tədbirlər görülür. Avstraliya öz vətəndaşlarına ölkədən çıxmağı qadağan edib. Kot dİvuar Respublikasında məktəblər bağlanıb. 27 yoluxmanın qeydə alındığı Tunisdə saat 18.00-dan 6.00-dək komendant saatı tətbiq edilib.

Bu arada, Sanofi əczaçılıq şirkəti virusa yoluxanların müalicəsi üçün malyariyada istifadə edilən dərmanları sınaqdan keçirir.

Beynəlxalq Valyuta Fondu isə Venesuelanın koronavirusla mübarizə məqsədi ilə 5 milyard yardım xahişini rədd edib. Qurum bunu vəsait çatışmazlığı ilə əsaslandırıb.

CANLI YAYIM