İlaxır çərşənbə Lənkəranda - REPORTAJ

İlaxır çərşənbə Lənkəranda -REPORTAJ

17 Mart, 17:26 Sosial mediada paylaşın:

İlaxır çərşənbələrin sonuncusu – “Torpaq çərşənbəsi” ölkəmizin cənubunda, xüsusilə Lənkəranda təntənəli şəkildə keçirilir.

Cənub bölgəsində Novruz adət-ənənələri bir qədər fərqlidir. Çillə bayramından tutmuş Novruzadək bütün ayinlər mərhələli şəkildə qeyd olunur. İlaxır çərşənbənin Lənkəran bölgəsində keçirilmə özəlliyi, süfrədəki təamlar ərazinin relyefi, coğrafi şəraiti ilə sıx bağlıdır. Belə ki, bu gün açılan bayram süfrəsində  kürülü  balıq,  göyərtidən bişirilmiş yeməklər - kükü və tərə mütləq olmalıdır. Bunlar da rütubəti götürən,  insanları qışdan  yaza sağlam çıxaran, bolluğa kökləyən nemətlər sayılır.

Axşam həyətlərdə 7 tonqal çatılır, böyüklü-kiçikli hər kəs azı 3 dəfə tonqalın üstündən atlanır.

İlaxır çərşənbədə evdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. İnanca görə, hansı tez yansa, diləyi tez yerinə yetir. Bundan əlavə, otaqlarda üzərlik yandırılır. Bununla, şər, hər cür pislik, nəzər ailədən, evdən uzaqlaşdırlır. 

Bayram günlərində ölənlərin  xatirəsi yad edilir, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.

Lənkəranda İlaxır çərşənbənin rituallarından biri də növbəti gün səhər qırmızı, bəzəkli bardaqlarla axar suyun üstünə getməkdir. Burada insanlar öz arzu və istəklərini suya deyir, əl-üzünü yuyur, sudan nicat istəyirlər. İnanca görə, həmin gün edilən dualar qəbul edilir. 

Pərvanə Nəhmətqızı

CANLI YAYIM