Qazaxıstanda fövqəladə vəziyyət elan olunub: orada yaşayan azərbaycanlıların nəzərinə!

16 Mart, 17:00 Sosial mediada paylaşın:

Qazaxıstan əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə Prezident Kasım-Jomart Tokayevin fərmanı ilə ölkə ərazisində fövqəladə vəziyyət elan edib.

Fərmanda qeyd olunur ki, Dünya Səhiyyə Təşkilatı tərəfindən yeni növ koronavirusun pandemiya elan edilməsi ilə əlaqədar vətəndaşların həyatı və sağlamlığını qorumaq üçün Qazaxıstan qanunvericiliyinə uyğun olaraq ölkə ərazisində 16 mart saat 08:00-dan etibarən 15 aprel 2020-ci il saat 07:00-dək fövqəladə vəziyyət elan olunur.

Fövqəladə vəziyyət dövründə Qazaxıstan Prezidenti yanında Fövqəladə Hallar üzrə Dövlət Komissiyası yaradılır və ona qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlər verilir. 1 ay ərzində ictimai asayişin qorunması, xüsusilə vacib dövlət və strateji obyektlərin, əhalinin təhlükəsizliyini və nəqliyyatın fəaliyyətini təmin edən obyektlərin mühafizəsi gücləndirilir, böyük ticarət obyektlərinin fəaliyyəti məhdudlaşdırılır, ticarət və əyləncə mərkəzlərinin, kinoteatrların, teatrların, sərgilərin və digər obyektlərin fəaliyyəti dayandırılır, karantin tətbiq edilir və geniş sanitariya-epidemiya tədbirləri görülür, kütləvi ictimai və idman tədbirlərinin, mərasimlərin keçirilməsi qadağan olunur.

Eyni zamanda, Qazaxıstanın və xarici dövlətlərin diplomatik xidmət əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri istisna olmaqla, əcnəbilərin Qazaxıstan ərazisinə daxil olmasına və ölkədən istənilən növ nəqliyyat vasitələri ilə çıxmasına məhdudiyyətlər qoyulur. Bununla yanaşı, tibbi müayinədən və müalicədən boyun qaçıranlara, karantin rejiminə riayət etməyənlərə, epidemioloji vəziyyətin müəyyən edilməsi üçün vacib olan məlumatları gizlədənlərə qarşı cəza tədbirləri nəzərdə tutulur.

Ölkə ərazisində daimi yaşayan və ya müvəqqəti qeydiyyatda olan azərbaycanlıların 24 saat ərzində rahatlıqla əlaqə saxlaya bilməsi üçün Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyində “qaynar xətt” yaradılıb. Vətəndaşlar fövqəladə vəziyyət müddətində üzləşdikləri çətinliklər və onları maraqlandıran sualarla bağlı +7 778 000 2838 əlaqə nömrəsinə müraciət edə, eyni zamanda, Aktau şəhərindəki Azərbaycan Baş konsulluğu və səfirliyin Almatıdakı konsulluğu ilə əlaqə saxlaya bilərlər.

Onu da qeyd edək ki, artıq Qazaxıstanda 8 nəfərdə koronavirus aşkarlanıb, digər bir Orta Asiya ölkəsi Özbəkistanda da ilk koronavirus faktı qeydə alınıb.