Manatın məzənnəsindən nə xəbər?

Manatın məzənnəsindən nə xəbər?

16 Mart, 16:56 Sosial mediada paylaşın:

Qlobal şoklara rəğmən, Azərbaycan  manatının məzənnəsinin sabitliyi möhkəmlənir. Manatın ABŞ dolları qarşısında sabitliyi fonunda  ölkənin əsas ticarət tərəfdaşlarının valyutlarının ucuzlaşması müşahidə edilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru  Vüsal Qasımlı bildirib ki, manatın real effektiv məzənnəsinin tarazlıq səviyyəsinə nisbətini ölçmək üçün istifadə olunan bütün metodlar - alıcılıq qabiliyyəti pariteti, makroiqtisadi balans, “Big Mak” indeksi və başqa yanaşmalar göstərir ki, manatın real effektiv məzənnəsi indiyədək onun tarazlıq nöqtəsindən aşağıda olub. Alıcılıq qabiliyyəti paritetinə əsasən hesablanan məzənnə ABŞ dollarının bu ölkədə alacağı miqdarda məhsulu digər ölkənin bazarında almaq üçün tələb olunan yerli valyuta dəyəridir. Başqa sözlə, ABŞ-da 1 dollara alınan məhsulu yerli bazarda almaq üçün tələb olunan ödənişdir. Azərbaycan üçün bu rəqəm Dünya Bankının 2018-ci il üçün təqdim etdiyi statistika məlumatlarına əsasən 0,25 ABŞ dollarıdır. Yəni, ABŞ-da 1 dollara alına biləcək məhsulu Azərbaycanda 0,25 ABŞ dollarına almaq mümkündür. Ölkələr üzrə müqayisəli təhlil aparmaq üçün hər bir göstəricini alıcılıq qabiliyyəti paritetinə əsasən “beynəlxalq dollar” göstəricisi ilə ifadə etdikdən sonra real fərqləri görmək mümkündür. Dünya Bankının hesablamalarına görə, 2018-ci ildə Azərbaycanda 1 “beynəlxalq dollar” 0,25 dollar, Belarusda 0,25 dollar, Qırğızıstan, Gürcüstan və Ukraynada 0,29 dollar, Qazaxıstanda 0,31 dollar, Rusiyada isə 0,39 dollar səviyyəsində qiymətləndirilib. Bu ölkələrdə son qlobal şokların təsiri altında baş verən devalvasiyalar manatın real effektiv məzənnəsini gücləndirib.

Həmçinin mart ayının ilk yarısında Azərbaycan manatı qarşısında gürcü larisi 6,5 faiz, rus rublu 9,8 faiz, türk lirəsi 1,4 faiz, Ukrayna qrivnası 5,9 faiz, Çin yuanı 0,39 faiz, qazax təngəsi isə 6,7 faiz dəyər itirib. Beləliklə, manatın real effektiv məzənnəsi bahalaşıb. Real effektiv məzənnəni hesablayarkən, manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən nominal məzənnəsi və inflyasiya nəzərə alınır. Başqa sözlə, manatın real effektiv məzənnəsi bu ilin əvvəlində tarazlıq nöqtəsindən aşağıda qərarlaşıb. Lakin ticarət tərəfdaşlarımızın valyutalarının son günlərdəki devalvasiyaları fonunda manatın ABŞ dolları qarşısında sabitliyi, manatın real effektiv məzənnəsini tarazlıq nöqtəsinə doğru bahalaşdırır. Manatın real effektiv məzənnəsinin bahalaşması Azərbaycanın MDB-də məkanında minimum pensiya, orta pensiya, minimum maaş və orta maaş göstəriciləri üzrə öncül mövqelərini daha da möhkəmləndirir. Digər tərəfdən, manatın real effektiv məzənnəsinin bahalaşmasının iqtisadiyyatın rəqabətqabiliyyətinə təsirini tənzimləmək üçün institusional islahatların davam etdirilməsi, rəqabət mühitinin daha da yaxşılaşdırılması, insan kapitalının inkişafı və bazarlara çıxış istiqamətində fəaliyyətlər davam etdirilməlidir.   

Əli Rzayev

CANLI YAYIM