Prezidentin köməkçisi: “...Bu barədə heç bir şübhə olmamalıdır”

Prezidentin köməkçisi: “...Bu barədə heç bir şübhə olmamalıdır”

15 Mart, 19:24 Sosial mediada paylaşın:

“Son günlər dünya bazarında neftin qiymətinin kəskin düşməsi Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərməyəcək”.

Bu fikirləri "Həftə" proqramında Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və İnnovativ İnkişaf Siyasəti Şöbəsinin müdiri Şahmar Mövsümov deyib. Şöbə müdiri bildirib ki, Azərbaycan hökuməti cənab Prezident İlham Əliyevin birbaşa tapşırıqları ilə uzun müddətdir ki, iqtisadiyyatımızın neftən asılılığının azaldılması istiqamətində iş görürdü: “Bu gün neftin qiymətinin kəskin düşməsinin Azərbaycan iqtisadiyyatına böyük təsirinin olmaması məhz görülən işlərin nəticəsidir. Davamlı, düşünülmüş şəkildə aparılan strategiya nəticəsində Azərbaycan iqtisadiyyatının neftdən asılılığı 2014-2015-ci illərdəki kimi deyil. Biz ajiotaj yaşadıq, amma ən qısa müddətdə bu ajiotaj aradan qalxdı.  Azərbaycanın ehtiyyatları kifayət qədərdir ki, istənilən böhrana davamlılıq nümayiş etdirə bilsin, fəsadların qarşısını tezliklə alsın. Fiskal dayanıqlılığımız yerindədir, maliyyə ehtiyyatlarımız 50 milyarddan, yəni ÜDM-un 106 faizindən çoxdur. Belə demək olar ki, hazırda dünyada belə bir ölkə yoxdur. Təbii ki,  göstəricilər bizdə əminlik yaradır. Bütün hallarda təbii ki, böhrana qarşı müəyyən tədbirlər də görülməlidir. İlk öncə deyim ki, bu gün büdcəmizdə dövlətin sosial öhdəliklərini tam yerinə yetirə bilməsi üçün yetərli qədər vəsait var. Bu barədə heç bir şübhə olmamalıdır. İkinci məsələ odur ki, fiskal və monetar manevrə imkan yaradan ehtiyyatlarımız yetərlidir. Növbəti illərdə əlbəttə ki, qiymətin aşağı səviyyədə qalması Azərbaycan üçün çağırışdır və biz bunun üzərində düşünəcəyik, addımlarımızı müəyyənləşdirəcəyik. İndi mən deyərdim ki, ola bilsin hökumət neftin qiymətindən yox, daha çox koronavirusun təsirindən narahatdır. Bu təsirin azaldılması və sahibkarlara, vətəndaşlara dəstək tədbirləri proqramı üzərində iş gedir. Qısa müddətdə proqram da yəqin ki, açıqlanacaq”.

CANLI YAYIM