Samirə Əfəndinin “Avroviziya-2020”də ifa edəcəyi mahnı və klipi təqdim edilib

Samirə Əfəndinin “Avroviziya-2020”də ifa edəcəyi mahnı və klipi təqdim edilib

10 Mart, 17:00 Sosial mediada paylaşın:

“Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib.

Belə ki, Samirə Əfəndi “Kleopatra” mahnısı ilə Rotterdamda (Niderland) səhnəyə çıxacaq.

Təqdim olunan mahnının müəllifləri niderlandlı Allan Roy Skott, Sara Leyk və Lyuk Van Birsdir. Bu kompozisiyanın prodüserləri isə müəlliflərdən biri olan Lyuk Van Birs, digəri isə Toni Kornelissendir. Mahnıda etnik motivlər müasir səs ilə ahəngdar şəkildə uzlaşır. Kompozisiyada UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan milli aləti tar, həmçinin balaban və ud səslənir. 

Mahnının klipi Qobustan Tarixi Qoruğunda quruluşçu rejissor və operator Aleks Lamax tərəfindən çəkilib. Klipin prodüseri İsa Məlikovdur. Qeyd edək ki, bu, uzun müddət ərzində ilk dəfə “Avroviziya” mahnı müsabiqəsi üçün Azərbaycanda çəkilən klipdir.

Daha öncədən də “Avroviziya” müsabiqəsinin seçim mərhələsində iştirak edən Samira Əfəndi “Yeni ulduz”, “Böyük Səhnə” (3-cü yer) və “Səs Azərbaycan” (3-cü yer) kimi məşhur musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə yaddaşlarda qalıb. Samira Əfəndi 2017-ci ildə Almatıda “Silk Way Star“ (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə “Voice of Nur-Sultan” Beynəlxalq festivalına qatılıb. 

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Open up!” (“Açıl!“) olan “Avroviziya -2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da “Ahoy Arena”da reallaşacaq. Azərbaycan təmsilçisi “Avroviziya-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

Xatırladaq ki, 16 sentyabr 2019-cu il tarixində Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib.

CANLI YAYIM