Yel çərşənbəniz səfalı olsun!

Yel çərşənbəniz səfalı olsun!

10 Mart, 10:29 Sosial mediada paylaşın:

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd edilir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel tanrısına etiqadı ilə bağlıdır. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınan Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır.

Külək, hava anlayışları ilə bağlı folklorumuzda çoxşaxəli örnəklərə rast gəlinir. Yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırardılar.

Qədim inanca görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürmək olmazdı. “Sovurulmamış buğda götürənin oğlu ölər, xırman sovurulandan sonra ilk buğda götürənin isə oğlu olar”, deyərdilər.

Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də bu çərşənbədə niyyət tutulmasıdır. Çərşənbə gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırardılar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetəcək. Yel çərşənbəsinin ayinlərindən biri də həmin gün həyətlərdə yelləncəklərin qurulması və oğul-uşağın, qız-gəlinin yelləncəklərdə yellənməsidir.

Deyilənə görə, Yel çərşənbəsi əsən külək təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişi barədə xəbərdar edir.

İnanca görə, Yel çərşənbəsində hava təmizlənir. Dörd ilahi başlanğıcdan üçüncüsü olan Yel babanın şərəfinə xüsusi mərasimlər keçirilir, ayinlər icra olunur. Əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi əslində onun özünün - küləyin, havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir. Bu çərşənbəyədək sanki mürgüləyən külək oyanır, aləmi dolaşaraq suyu, odu hərəkətə gətirir.

CANLI YAYIM