Mətbuat günü “Səhər”də

Mətbuat günü “Səhər”də

20 İyul, 13:03 Sosial mediada paylaşın:

RADIOANONS

 

Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərimizə qayıdış mətbuat sahəsində də özünü göstərdi və göstərməkdədir. Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da azad mətbuatın inkişafı, reklam bazarında nöqsanların aradan qaldırılması, mətbuat işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə xüsusi proqram hazırlanıb, Mətbuat Şurası, Kütləvi İnformasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. 1991-ci ildən etibarən,  “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul (1875) ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

Azərbaycan milli maarifçilik hərəkatının olduqca maraqlı və ibrətamiz tarixi var. Mütərəqqi ideyaların carçısı və tribunası kimi tanıdığımız Həsən bəy Zərdabinin “Əkinçi”, Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” nəşrləri bu mənada müasir jurnalistikamız üçün əsl məktəb rolunu oynamışdır. O dövrdə - keşməkeşli, mürəkkəb ictimai-siyasi şəraitdə işıq üzü görmüş “Bakinskiy listok”, “Kaspi”, “Bakinskiye izvestiya”, “Ziyayi Qafqaziyyə”, “Kəşkül” kimi qəzet və jurnalların da əhəmiyyətini unutmaq olmaz.

Mətbuat həmişə, istənilən zaman kəsiyində xalqın özünüdərk prosesinin, milli oyanışı aparıcı vasitəsi olmuş və bu gün də həmin vacib, taleyüklü funksiyanı daşımaqdadır. Hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq istiqamətində mətbuatın üzərinə böyük vəzifələr düşür.

Respublikamızın mətbuat işçiləri, jurnalistlər ordusu builki peşə bayramlarını daha böyük həvəs və yüksək yaradıcılıq ruhunda qeyd edirlər. İndi dövlət və hökumət səviyyəsində kütləvi informasiya vasitələrinə hərtərəfli diqqət və qayğı göstərilir, onların daha səmərəli fəaliyyəti üçün əməli tədbirlər görülür.

Milli Mətbuat Günündə - iyulun 22-də Azərbaycan radiosunun “Səhər” proqramında bu mövzuda ətraflı söz açılacaqdır. Proqramın canlı yayımında qonağımız Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli olacaq.

Səhərinizi “Səhər”lə açın, əziz dinləyicilər!

 

 

 

 

 

 

 

 

    

CANLI YAYIM