Gəncəyə təyyarə ilə gələn sərnişinlər hava limanında yoxlanılır

4 Mart, 17:10 Sosial mediada paylaşın:

Koronavirusla mübarizə tədbirləri çərçivəsində Gəncə Beynəlxalq Hava Limanında bir neçə gündür gücləndirilmiş iş rejimi tətbiq edilib. Aeroport ərazisində fəaliyyət göstərən qurumlar Gəncə şəhərinə təyyarə ilə gələn bütün sərnişinləri yoxlayır.

Proflaktik mübarizə tədbirləri bir neçə istiqamətdə aparılır. Onlardan biri sərnişinlərin vurisa qarşı “termo-vizor” cihazı vasitəsilə yoxlanılmasıdır.

Belə ki, əraziyə daxil olan sərnişinlərin bədən hərarəti +37 dərəcədən çox olarsa, cihaz xüsusi siqnal verir və həmin sərnişin hava limanında həkimlərin nəzarəti altına alınır.

Hava limanında çalışanlar, eləcə də sərnişinlərin əksəriyyəti qoruyucu maskalardan istifadə edirlər. Aeroportda bu günə kimi sözügedən virus aşkar olunmasa da, tibbi heyət daim iş başındadır. Əgər sərnişinlər arasında xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün ayrılan və zəruri əşyalarla təmin edilən müayinə otaqları da hava limanı daxilində təşkil olunub.

Qeyd edək ki, ölkənini ikinci ən böyük hava limanı 2019-cu il ərzində 948 reys qəbul edərək yola salıb və bu reyslərdən ümumlikdə 15 minə yaxın sərnişin istifadə edib. Hazırda Gəncə Beynəlxalq Hava Limanından Bakı, Moskva, Sankt Peterburq və İstanbul istiqamətlərinə uçuşlar həyata keçirilir.

Xaliq Qurbanlı