“Heykəli qoyanda bir qadın ustalara çay-yemək verirdi, deyirdi ki, o, mənim bacımdır” - “Ana harayı”nın həykəltəraşı

“Heykəli qoyanda bir qadın ustalara çay-yemək verirdi, deyirdi ki, o, mənim bacımdır” - “Ana harayı”nın həykəltəraşı

26 Fevral, 18:15 Sosial mediada paylaşın:

Xocalıda ən qədim tarixi abidələr məhv edilib. Tariximiz, mədəniyyətimiz, mənəvi irsimiz 28 ildir Xocalı harayını ürək ağrısı ilə dinləyir.

İşğaldan əvvəl Xocalı ərazisində ümumilikdə 56 mədəniyyət müəssisəsi olub. Türbələr, son tunc və ilk dəmir dövrünə aid arxeoloji abidələr. Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası, alban kilsələri. Daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbiristanlığı.

İndi Xocalının özü başdan-başa qəbiristanlığa çevrilib. İndi Xocalıdan bizə qalan yalnız anaların harayıdır.

Xocalı sakini, vaxtilə “Xocalının səsi” qəzetinin xüsusi müxbiri olan yazıçı-publisist Səriyyə Müslümqızı bütün xocalılar kimi nə göz açdığı torpağın səsini unudur, nə də unutdurur: “Mənim yaxşı yadımdadır ki, orada bizim tarixi yerlərimiz vardı... Nədənsə elə bil bir əl bizim tariximizin Yer üzündən silinməsinə çalışılırdı və getdikcə, 1992-ci ildə təkcə insanlar deyil, tarixi abidələrimiz də Yer üzündən silinib getdi. 30 ildir bizim tarixi abidələrimiz də əsirlikdə qalıb, 30 ildir dünya susur”.

“Ana harayı” heykəli təkcə Xocalıda vəhşicəsinə qətlə yetirilənlərin deyil, həm də şəhid olan abidələrin də anım yerinə çevrilib. Bu monumental əsərin müəllifi memar Camal Rəşid Əlizadə və Azərbaycanda tanınmış heykəltəraşlardan olan Rüstəmovlar ailəsidir. Aslan, Teymur və Mahmud Rüstəmovlar Xocalının qan yaddaşını daş yaddaşa çevirdilər.

Mahmud Rüstəmov işi çətinliklə hazırladıqlarını deyir: “Çünki eskiz üçün bizə təqdim olunan fotolara baxmaq mümkün deyildi. Hətta göz yaşlarımı saxlaya bilmirdim. Bir məqamı qeyd edim ki, heykəli postamentə qoyanda orada çoxlu sayda ustalar da çalışırdı. Bir qadın diqqətimi çəkdi. Həmin qadın ustalara çay, yemək verirdi. Soruşanda ki, bu qadın kimdir? Uşaqlar dedilər ki, bu qadın Xocalıdandır. Həmin qadın heykəli görmüşdü və deyirdi ki, o heykəldəki qadın bacım, əlindəki uşaq da onun qızıdır”.

Daşa dönmüş Xocalı ağrısı təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də sızıldayır. Avropada Xocalı soyqırımına aid ilk abidə Niderlandın Haaqa şəhərində ucaldılıb. Daha sonra Sarayevo, Mexiko, Türkiyənin Ankara, İzmir, İzmit, Sakarya şəhərlərində Xocalı abidələrini görmək mümkündür.

Xalq rəssamı Səlhab Məmmədov Berlində ucaldılan Xocalı abidəsinin həmmüəlliflərindəndir: “2011-ci ildə Berlin şəhərində Xocalıya həsr olunmuş iki mertdən hündür bürüncdən bir heykəl ucaltdıq. Müəllifləri mən, Xalq rəssamları Əli İbadullayev, Akif Əsgərov, alman rəssamı İbrahim Ehraridir. Əlbəttə, Berlin şəhərində heykəl qoymaq asan bir şey deyil. Heykəl Berlinin düz mərkəzində, kitabxananın önündə ucaldılıb. Gündə 400-500 insan kitabxanaya gəlir və o heykəlin yanından keçir, ziyarət edir”.

Xocalı əsrlərin sınağından üzü ağ çıxmışdı. Erməni silahlı qüvvələri bir günün içində Xocalını “şəhid şəhəri” etdi. İndi Xocalıdan bizə qalan tarixi qeydlər, sakinlərin xatirələri və bir də içimizdə yaşatdığımız ümiddir. Ümidimiz şəhid olmasın!

Ülviyyə Heydərova

CANLI YAYIM