“Erməni zindanında səkkiz gün”, hər evdə yaşayan Xocalı ağrısı... - Ağcakənddən reportaj

“Erməni zindanında səkkiz gün”, hər evdə yaşayan Xocalı ağrısı... - Ağcakənddən reportaj

26 Fevral, 18:02 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının əməkdaşları Goranboy rayonunun Aşağı Ağcakənd kəndindən reportaj hazırlayıb. İndi bu kənddə xocalılılar yaşayırlar.

Xocalı sakinlərindən olan Sədaqət Hüseynovanın üç övladı, bacısı, bacısının üç uşağı meşədə donub. Qaryağdı Quliyevin həyat yoldaşı, üç övladı şəhid olub. Mehriban Bəkirova həyat yoldaşını, qızını itirib. Aleksandr Hüseynovun bir qızı, bir oğlu itkin düşüb. Gövhər Həsənovanın qayınanası, iki baldızı, həyat yoldaşı şəhid olub. Lamiyə Qarayeva iki yaşında atasız qalıb. Qəhrəmanlarımız Xocalı soyqırımının dəhşətini yaşayan ailələrdən bir neçəsidir. Uzun illərdir sığındıqları Aşağı Ağcakənd kəndi onlara böyük qucaq açıb, dövlətin qayğısı ilə əhatə olunublar. Amma hər evdə həm də bir Xocalı ağrısı yaşayır, bir Xocalı yaddaşı var.

Aşağı Ağcakənd, həm də ona görə doğmadır ki, Xocalıya bənzəyir, amma onu unutdura bilmir, Xocalıya qayıtmaq, söndürülmüş ocaqlarını yenidən yandırmaq arzusuna kölgə sala bilmir...

Goranboy rayonundakı Yeni Yaşayış massivində də hər cür şərait yaradılıb: yaşayış evləri ilə yanaşı, inzibati binalar, məktəb, xəstəxana, uşaq bağçası, musiqi məktəbi var, mədəniyyət və istirahət parkı xocalılıların istifadəsindədir.
Ümumilikdə Xocalıdan olan iki mindən çox ailə evlə təmin edilib. Yaşlıların Xocalı həsrəti öz yerində, Xocalıda doğulmayan, onu görməyən uşaqların, gənclərin Xocalıya qayıtmaq, Xocalını qaytarmaq arzusu adama təskinlik verir. Onlar da bir nəfər kimi “Biz, Xocalıdanıq, biz xocalılıyıq” deyirlər...

Xocalı soyqırımında böyük fiziki və mənəvi zərbə alan soydaşlarımızdan biri də Dürdanə Ağayevadır. O, qardaşı ilə birgə səkkiz gün erməni əsirliyində müsibətlər görüb və “Erməni zindanında səkkiz gün” adlı kitab yazıb. Hər səhifəsi qan qoxuyan bu kitabla dünyanı dolaşır.

Firuzə Nadir

CANLI YAYIM