“Mərhum Bəxtiyar Vahabzadənin “Anam” dediyi Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir. Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur”.
Bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
O, bildirib ki, Türkiyə Azərbaycana bu haqlı mübarizəsində verdiyi dəstəyi bundan sonra da davam etdirəcək: “Minsk qrupunun bu məsələdə təəssüf ki, səmimi davranmadığını da açıq şəkildə ifadə edirəm. Çünki təxminən 25 il vaxt itirilib. Nə üçün və nəyə görə heç bir nəticəyə nail olunmur. Təbii ki, bunun üzərində də dayanmaq lazımdır”.
Türkiyə Prezidenti bu gün 28-ci ildönümü olan Xocalı soyqırımı barədə də danışıb: “Xocalı qətliamının 28-ci ildönümüdür. Xocalıda insanlığın gözləri önündə məsum, yaşlı, qadın, uşaq demədən XX əsrin ən böyük vəhşətlərindən biri törədilmişdir. 106-sı qadın, 63-ü uşaq olmaqla 613 soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmişdir. Tarixə “qara gecə” olaraq düşən Xocalı qətliamını unutmadıq, unutmayacağıq. Azərbaycanlı qardaşlarımın, qarabağlı köçkünlərin də Xocalını közərən od kimi ürəklərində daşıdığını bilirəm. İyirmi səkkizinci ildönümündə Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm. Erməni tərəfindən açılan atəş nəticəsində şəhid olan İbrahim qardaşımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı verirəm”.