Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında sosial şəbəkələrin rolu - Düzgün istifadə edə bilirikmi?

Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında sosial şəbəkələrin rolu - Düzgün istifadə edə bilirikmi?

25 Fevral, 13:04 Sosial mediada paylaşın:

Günümüzdə bir çox funksiyanı yerinə yetirən sosial şəbəkələrin göstərdiyi xidmətlərdən biri də informasiyanın geniş kütləyə çatdırılmasıdır. Müasir dövrdə ölkələr arasında rəqabət həm də informasiya sahəsində gedir.

Bəs tarixi həqiqətlərin, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin sosial şəbəkələrdə geniş auditoriyaya çatdırılmasında gənclərimiz fəal iştirak edirmi? Ümumiyyətlə, bu istiqamətdə hansı addımlar atılmalıdır?

Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında hər birimizin üzərinə məsuliyyət düşür. Bunun üçün əsas vasitə isə elə sosial şəbəkələrdir. Xüsusilə gənclər sosial şəbəkələrdən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün aktiv istifadə etməlidir.

İnformasiya mübarizəsində dövlətin gördüyü tədbirlərlə yanaşı, vətəndaşların da maksimum səy göstərməsinə ehtiyac duyulur. Bu mübarizədə isə əlçatan və daha çox insanın istifadə etdiyi sosial şəbəkələrin rolu böyükdür. Çünki müasir dövrdə sosial şəbəkələr mühüm təbliğat platformalarıdır və bu təbliğat formasından Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında geniş istifadə edən gənclərimiz də kifayət qədərdir.

Mütəxəssislər hesab edirlər ki, bu gün sosial şəbəkələrin imkanlarından yararlanaraq soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasına diqqəti daha da artırmaq lazımdır. Xüsusilə, məlumatların xarici dillərdə yayılmasına ciddi ehtiyac var.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin cəlb olunması böyük əhəmiyyət kəsb edir. Elə bu məqsədlə bir sıra kampaniyalar təşkil olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət” kampaniyası kimi... Bu kampaniya nəticəsində Xocalı hadisələrinə beynəlxalq aləmdə hüquqi-siyasi qiymət verilməsi baxımından böyük irəliləyişlər əldə olundu. Bunda sosial şəbəkələrdəki aktivlik, təşkilatlanmanın xüsusi rolu var.

Sosial medianın üstünlüyü ondadır ki, insanlar bu sferada baş verən hadisələrə dərhal və istədikləri formada reaksiya verə bilirlər. Paylaşımlara istənilən anda rəy yazmaq isə, azad fikrin bildirilməsinə və düzgün qiymətləndirməyə şərait yaradır. Sosial şəbəkələrdə aparılan kampaniyalara diaspor nümayəndəliklərinin dəstəyi də vacib hesab olunur və təbliğat sadəcə məlumatların paylaşılması ilə bitmir. Həmin məlumatların daha çox sosial şəbəkə istifadəçisinə çatması üçün günün tələblərini də bilmək lazımdır.

Ermənilər uzun illərdir ki, qondarma soyqırımı iddialarını dünya gündəminə gətirərək, ondan siyasi məqsədləri üçün istifadə edirlər. Yaxın keçmişdə törədilən Xocalı soyqırımı haqqında isə yetərincə fakt və sübut var. Bircə qalır bu faktları dünya ictimaiyyətinə çatdırmaq üçün bütün vasitələrdən istifadə etmək.

David Nuraşvili

 

CANLI YAYIM