Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda olublar

23 Fevral, 15:20 Sosial mediada paylaşın:

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb 

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda olublar.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vatikanda rəsmi qarşılanma mərasimi oldu.

Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşdülər.

Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayan Roma Papası onların Vatikana səfərlərini və özünün 2016-cı ildə Azərbaycana səfərini xatırladaraq bu səfərdən məmnun qaldığını bildirdi.

Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, xalqımızın rifah içərisində yaşadığını qeyd edən Papa Fransisk ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərə toxundu. Bildirdi ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir.

Roma Papası Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərini qeyd etdi, Azərbaycan hökumətinə, xüsusilə də Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Vurğuladı ki, Vatikan Heydər Əliyev Fondu tərəfindən burada aparılan bərpa işlərini heç vaxt yaddan çıxarmayacaq. Çünki məhz Heydər Əliyev Fondunun layihələri sayəsində Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpasına nail olunub.

Prezident İlham Əliyev dedi ki, Papa Fransiskin Azərbaycana səfəri dünyada sivilizasiyalar və dinlər arasında münasibətlərin daha da inkişaf etdirilməsində xüsusi rol oynayan ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu baxımdan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkəmiz bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına çalışır və bu baxımdan dünyaya nümunədir. Azərbaycanın təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi dünyada münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir.

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında qurulmuş münasibətlər əsasında aparılan əməkdaşlığın daha da genişləndiriləcəyini vurğuladı.

Daha sonra qarşılıqlı hədiyyələr təqdim edildi.

 

***

Vatikana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub.

Dövlətimizin başçısı Roma Papasının 2016-cı ildə Azərbaycana səfərini qeyd etdi. Bildirdi ki, Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətini fəal şəkildə davam etdirir. Prezident İlham Əliyev ötən il Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirildiyini bildirərək bu tədbirdə Vatikan nümayəndəsinin də iştirak etdiyini xatırlatdı.

Dövlətimizin başçısı ölkəmizdə etnik və dini baxımdan qarşılıqlı anlaşmanın olduğunu, müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə birgə yaşadıqlarını qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə dinlərarası və mədəniyyətlərarası dialoqun, multikulturalizmin prioritet olacağını vurğuladı.

Kardinal Pietro Parolin Azərbaycan ilə Vatikan arasında xüsusi münasibətlərin olduğunu bildirdi. O, Papa II İohan Pavelin və Papa Fransiskin Azərbaycana səfərlərini xatırlatdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında mədəniyyətlərarası dialoqun, multikulturalizmin, həmçinin müsəlmanlar, xristianlar və yəhudilər arasında harmoniyanın möhkəmləndiyini vurğuladı. Pietro Parolin Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəfliliyə böyük əhəmiyyət verməsini təqdir etdiyini bildirdi. O, həmçinin Azərbaycanda Katolik Kilsəsinin fəaliyyəti üçün yaradılan şəraitin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bir daha diqqətə çatdırdı, Ermənistanın regionda destruktiv siyasət yürütdüyünü bildirdi. Dövlətimizin başçısı hazırda Ermənistan tərəfindən danışıqlar prosesinə xələl gətirən ziddiyyətli açıqlamaların verildiyini dedi və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğuladı.

Söhbət zamanı Azərbaycanın regiondakı rolu və qonşu ölkələrlə münasibətləri müsbət qiymətləndirildi.

Sonra kardinal Pietro Parolin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçını (Dama di Gran Croce dell’ordine Piano) təqdim etdi.

Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Kardinal Pietro Parolin Mehriban Əliyevaya bu mükafatı təqdim etməkdən şərəf hissi keçirdiyini bildirdi.

Birinci vitse-prezident Mehriban ƏLİYEVA dedi:

-Kardinal həzrətləri.

Məni Müqəddəs Taxt-Tacın yüksək ordeni ilə təltif etdiyinizə görə sizə və Zati-müqəddəsləri Roma Papası Fransiskə dərin minnətdarlığımı bildirirəm. Bu, mənim üçün böyük şərəfdir.

Mən bu ordeni Vatikan ilə Azərbaycanın ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasının daha bir təsdiqi kimi qiymətləndirirəm. Çox şadam ki, bu münasibətlərin möhkəmlənməsində mənim də töhfəm var. Səmərəli əməkdaşlığın qurulmasında əməyi olan hər bir insana, Vatikanda olan bütün dostlarıma, xüsusilə də kardinal Ravaziyə dərin minnətdarlığımı bildirirəm.

Bir daha yüksək təltifə, göstərdiyiniz qonaqpərvərliyə və səmimiyyətə görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Kardinal Pietro Parolin: Sağ olun Zati-aliləri. Mən də şəxsən öz tərəfimdən bu jesti bizim artıq uzun illər ərzində aramızda təşəkkül tapmış bu münasibətlərin təzahürü kimi görürəm. Hesab edirəm ki, gələcəkdə ikitərəfli qaydada demək olar ki, bütün sahələrdə və xüsusən də mədəniyyət sahəsində Müqəddəs Taxt-Tacla Sizin ölkəniz arasındakı əlaqələri daha da dərinləşdirəcəyik. Şəxsən Sizi, Sizin həyat yoldaşınızı və bütövlükdə ölkənizi səmimi qəlbdən təbrik edirəm.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun, təşəkkür edirəm.

Qeyd edək ki, IX Piy Ordeni 1847-ci ildə təsis edilib. Bu ordenlə kilsə və cəmiyyət qarşısında xidmətlərə görə təltif olunurlar. Böyük Xaç – dövlət başçılarına və yüksəkvəzifəli dövlət xadimlərinə təqdim olunan xüsusi dərəcədir.

İtaliya Respublikasının hazırkı Prezidenti Sercio Mattarella, İtaliya dövlətinin bir sıra sabiq rəhbərləri, o cümlədən Corcio Napolitano, həmçinin tac qoyulmuş şəxslər – İsveç Kralı XVI Qustav, Lüksemburqun Böyük Hersoqu Anri, İspaniya Kralı Xuan Karlos və Belçika Kralı II Albert bu ordenə layiq görülənlər sırasındadır.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb.

Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Ordeni Mehriban xanım Əliyevaya Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin təqdim edib.

Qeyd edək ki, IX Piy ordeni 1847-ci ildə təsis edilib. Bu ordenlə kilsə və cəmiyyət qarşısında xidmətlərə görə təltif olunurlar. Böyük Xaç – dövlət başçılarına və yüksəkvəzifəli dövlət xadimlərinə təqdim olunan xüsusi dərəcədir.

İtaliya Respublikasının hazırkı Prezidenti Sercio Mattarella, İtaliya dövlətinin bir sıra sabiq rəhbərləri, o cümlədən Corcio Napolitano, həmçinin tac qoyulmuş şəxslər – İsveç kralı XVI Qustav, Lüksemburqun Böyük Hersoqu Anri, İspaniya Kralı Xuan Karlos və Belçika Kralı II Albert bu ordenə layiq görülənlər sırasındadır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə də tanış olublar.

Heydər Əliyev Fondu tərəfindən hazırda Vatikanda bir neçə layihə həyata keçirilir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi və Vatikan Bazilikasındakı katakombalarda yerləşən “Tullius Zethus” məqbərəsi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilir və artıq işlər başa çatmaq üzrədir. Bu işlərin bu ilin may ayında başa çatması planlaşdırılır. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında imzalanmış müqaviləyə əsasən hazırda “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin bərpası işləri aparılır və layihənin 2020-ci ildə başa çatması nəzərdə tutulur. 2016-cı ildə icrasına başlanan və 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazinin iştirakı ilə açılışı olan “Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombaların bərpası” layihəsi çərçivəsində son tamamlama işləri yekunlaşıb.

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müqəddəs Taxt-Tacda çox yüksək qiymətləndirilir. Bu işlər Fondun ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir. Bununla yanaşı, bu layihələr həm də ölkəmizin müxtəlif dinlərin abidələrinə və müqəddəs yerlərinə verdiyi önəmi göstərir. Bütün bunlar isə multikultural dəyərlərə sadiq və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın dünyadakı mövqeyini və yerini, həmçinin dinlərarası dialoqun qurulmasındakı rolunu möhkəmləndirir.

Qeyd edək ki, Sikstin Kapellasının yerləşdiyi bina Vatikanda Renessans dövrü italyan incəsənətinin ən görkəmli abidələrindən biridir. Qeyd olundu ki, 1481-1483-cü illərdə kapellanın divarlarına Musanın və İsanın həyatlarından səhnələr təsvir olunan freskalar çəkilib. XV əsrdə dünya şöhrətli italiyalı heykəltəraş Mikelancelo kapellanın tavanının və mehrab divarının rəsmlərini yaradıb. Bura həm də muzey kimi fəaliyyət göstərir.

Vatikandakı Müqəddəs Pyotr Kilsəsi italyan intibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Kilsədə ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilib. Bura həm də məşhur ziyarətgah və dini mərasimlər yeridir. Buna görə də erkən xristianlıq dövründən etibarən əksər Roma papaları burada dəfn olunub.

Diqqətə çatdırıldı ki, Müqəddəs Pyotr Bazilikası həm də məşhur ziyarətgah və mərasim yeridir. Roma Papası il ərzində bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə dini mərasim keçirir.

***

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri başa çatıb.

Romanın “Fiumicino” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Respublikası Nazirlər Şurasının dövlət katibi Mario Turko və digər rəsmi şəxslər yola saldılar.

 

CANLI YAYIM