“Sosial xidmətin inkişafına dair Milli Strategiya”nın məqsədi və vəzifələri

“Sosial xidmətin inkişafına dair Milli Strategiya”nın məqsədi və vəzifələri

21 Fevral, 16:06 Sosial mediada paylaşın:

“2020-2026-cı illərdə sosial xidmətin inkişafına dair Milli Strategiya” layihəsi hazırlanıb. Məqsəd vətəndaşlara göstərilən sosial xidmətlərin keyfiyyətinin və əlçatanlılığın artırılmasıdır.

Son illər ölkəmizdə sosial sahədə bir çox mühüm addımlar atılıb. “Sosial xidmətlər haqqında qanun” qəbul olunub, sosial təminat növlərinin təyinatının proaktiv qaydada həyata keçirilməsi və bu sahədə xidmətlərin elektronlaşdırılması kimi bir çox işlər görülüb. Bu islahatlar isə vətəndaşların rifah və yaşayış halının yaxşılaşdırılması məqsədilə həyata keçirilir. Sosial xidmətin inkişafına dair hazırlanan Milli Strategiya da bu məqsədə xidmət edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Babək Hüseynov deyir ki, Milli Strategiyanın əsas məqsədi əhalinin sosial xidmətlərlə təmin edilməsinin təşkil edilməsidir: “Bundan başqa, iqtisadi və hüquqi mexanizmin modernləşdirilməsi əsasında sosial xidmətləri ehtiyacı olan vətəndaşlar üçün kifayət qədər keyfiyyətli və əlçatan səviyyəyə çatdırmaqdır. Məqsəd həm də ölkənin sosial xidmət sistemini beynəlxalq norma və standartlara uyğun olaraq təkmilləşdirmək və sosial xidmətlərin göstərilməsinin ünvanlılığını təmin etməkdən ibarətdir”.

“Sosial xidmətin inkişafına dair Milli Strategiya”nın əsas vəzifələri sırasına, həmçinin sosial xidmətin göstərilməsi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial xidmət müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, qabaqcıl dünya ölkələrinin təcrübəsinə əsaslanan yeni sosial xidmət modellərinin yaradılması və tətbiqi daxildir.

Sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyevin sözlərinə görə, sosial xidmətlər sahəsi üzrə atılan addımlar bütün regionlarda bütün təbəqələri əhatə etməlidir.

Sözügedən layihənin hazırlanması həm də sosial xidmətlərin həyata keçirilməsində əhatəlilik, ünvanlılıq və əlçatanlıq prinsiplərinə tam əməl olunmasına şərait yaradacaq.

Niftulla Məmmədli

CANLI YAYIM