Prezident İlham Əliyev Cüzeppe Konte ilə görüşüb

20 Fevral, 17:31 Sosial mediada paylaşın:

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə təkbətək görüşü olub.

Əvvəlcə Prezident İlham Əliyevin qarşılanma mərasimi olub.

Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İtaliyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri İtaliya Nazirlər Şurasının Sədrinə təqdim olunub.

Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte birgə foto çəkdiriblər.

Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin mövcud olduğu vurğulanıb. “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanmasının əhəmiyyəti qeyd olunub, bu sənədin əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracağı vurğulanıb. Azərbaycanın radikalizmə, terrorizmə və ekstremizmə qarşı mübarizədə aparıcı rolu, ölkəmizin dünyəvi ənənələri yüksək qiymətləndirilib.

Söhbət zamanı ölkələrimizin enerji sahəsində uğurla əməkdaşlıq etdiyi və Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsinin bu il son mərhələsinə qədəm qoyduğu bildirilib. Həmçinin İtaliya şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunun inkişafında və iqtisadiyyatın şaxələndirilməsində çox fəal surətdə iştirak etdikləri vurğulanıb. Bu səfər zamanı imzalanacaq çoxsaylı sənədlərin ölkələrimiz arasında əməkdaşlığın daha geniş şəkildə inkişafı üçün zəmin yaradacağı qeyd edilib. Eyni zamanda, fevralın 21-də keçiriləcək biznes forumun daha böyük imkanlar yaradacağı diqqətə çatdırılıb.

Söhbət zamanı İtaliyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafını dəstəklədiyi bildirilib. Həmçinin Əfqanıstanda sülhməramlı əməliyyatlarda ölkələrimizin birlikdə iştirakı qeyd edilib.

Görüşdə Azərbaycan ilə İtaliya arasında elm-təhsil, tələbə mübadiləsi, turizm sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi vurğulanıb. 2020-ci ilin İtaliyada mədəniyyət baxımından Azərbaycan ili elan edildiyi bildirilib.

Dövlətimizin başçısı İtaliya Nazirlər Şurasının Sədrini Azərbaycana rəsmi səfərə dəvət edib. Nazirlər Şurasının Sədri bu səfəri məmnuniyyətlə qəbul etdiyini bildirib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.