İctimai nəqliyyatda xidmət keyfiyyəti yüksəldilir - Görülən işlər

İctimai nəqliyyatda xidmət keyfiyyəti yüksəldilir - Görülən işlər

19 Fevral, 13:04 Sosial mediada paylaşın:

İctimai nəqliyyatın təkmilləşdirilməsi hər bir böyük şəhər üçün vacib məsələdir. Bakı şəhərində də bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir. Avtobus parkı yenilənir, paytaxtərtafı kənd və qəsəbələrin sakinləri üçün müasir standartlara cavab verən nəqliyyat vasitələri xəttə buraxılır. Növbəti illərdə əsas hədəflər isə şəhərdə tıxacın aradan qaldırılması üçün yeni mübadilə mərkəzlərinin, parkinqlərin yaradılması,  taksi, metro və avtobus xidmətləri arasında sıx əlaqənin təmin edilməsidir.

Ötən il Bakı şəhərində fəaliyyət göstərən 2200 avtobusla 801 milyon sərnişin daşınıb. İctimai nəqliyyat sektorunda fəaliyyət göstərən daşıyıcıların sayı 65-dən 37-yə endirilib. Vətəndaşların rahatlığı, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə marşrut avtobuslarında nağdsız ödənişə keçidin miqyası genişləndirilib. Artıq paytaxt ərazisində 600-dən çox müntəzəm xətt üzrə hərəkət edən avtobusda sərnişinlər ödənişi “BakıKart” vasitəsilə həyata keçirir. Bu ilin ortasınadək bütün avtobusların nağdsız ödəniş sisteminə keçidi nəzərdə tutulur. Bu da sürücü ilə sərnişinin birbaşa ünsiyyətini aradan qaldırmaqla yanaşı, avtobusların düzgün qrafikdə hərəkətinə, nəqliyyat vasitələrində sərnişin sıxlığının aradan qaldırılmasına xidmət edir.

Paytaxtətrafı kənd və qəsəbələrə gediş-gəlişi asanlaşdırmaq, nəqliyyat sıxlığını aradan qaldırmaq, qanunsuz sərnişindaşıma ilə mübarizə məqsədilə 2019-cu ildə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi. Bu addım səmərəli nəticə verdiyindən bu il də əhalinin sıx yaşadığı yerlərdə avtobuslar üçün yeni hablar yaradılacaq. Bununla yanaşı qanunsuz parklama ilə mübarizə də qarşıda duran əsas məsələlərdəndir. Çünki hər hansı fərdi avtomobilin yolda qeyri-qanuni park etməsi ictimai nəqliyyatdan istifadə edən yüzlərlə insana narahatlıq yaradır. Əvvəlki illərdə sərnişinlərin şikayətləri və təklifləri nəzərə alınaraq, avtobus sürücüləri də ciddi nəzarətdən keçirildikdən sonra nəqliyyat vasitələrini idarə edirlər. Ötən il yaradılan Sürücü Təlim Mərkəzində indiyədək 2800-dən çox sürücü təlimlərdən keçib.

Dövlət büdcəsindən ayrılan vəsait hesabına Bakı Nəqliyyat Agentliyinin xətti ilə paytaxta hər il orta hesabla 300 yeni avtobus gətirilir. Bunun nəticəsidir ki, son 5 ildə istismar müddəti başa çatan 855 avtobus yenisi ilə əvəzlənib. Onlardan  600-ü dövlət başçısının tapşırığı ilə xaricdən gətirilib. Bununla da avtobus parkının 40 faizə yaxını yenilənib. Növbəti 3 il ərzində bu göstəricinin 100 faizə çatdırılması nəzərdə tutulur.

Sabir Bilalov

 

CANLI YAYIM