Azərbaycan Prezidenti növbəti dəfə 8 saatlıq iş rejimindən danışdı

Azərbaycan Prezidenti növbəti dəfə 8 saatlıq iş rejimindən danışdı

18 Fevral, 17:06 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən növbəti dəfə 8 saatlıq iş qrafiki barədə danışıb.

Ölkə başçısı bir daha xatırladıb ki, kimsə işçiləri qanunsuz işlədirsə, istismar edirsə, cəzasını alacaq: “Daha bir vacib məsələ təhlükəsizlikdir, sürücülərin hazırlanmasıdır, onların tibbi müayinəsi və iş qrafikidir. Mən bu yaxınlarda bildirdim ki, heç kim gündə 8 saatdan artıq işləməməlidir. Əgər kimsə işçiləri qanunsuz işlədirsə, istismar edirsə, cəzasını alacaq. Əlbəttə, əminəm ki, Bakı Nəqliyyat Agentliyində çalışan sürücülər bu meyarlara riayət edirlər. İnsanların rahatlığı da vacib məsələdir. İnsanlar müasir avtobuslarda özlərini çox rahat hiss edirlər. Prinsip etibarilə elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər. Hesab edirəm ki, biz bu hədəfə yaxınlaşırıq.

Əlbəttə, növbəti illərdə avtobus parkının təzələnməsi istiqamətində əlavə tədbirlər görüləcək və eyni zamanda, şadam ki, hazırda ölkəmizə gətirilən yeni avtobuslar ekoloji cəhətdən çox təmizdir. Çünki sirr deyil ki, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Sənaye müəssisələri, ticarət obyektləri deyil, - bunun statistikası var, - nəqliyyat vasitələridir. Ona görə həm iki ildən sonra Azərbaycanda istehsal olunacaq “Avro-5” markalı benzinin bazara daxil olması bu sahədə çox böyük irəliləyişə səbəb olacaq, eyni zamanda, sıxılmış qazla və elektrik enerjisi ilə işləyən avtobusların ölkəmizə gətirilməsi, bunun üçün müvafiq infrastrukturun yaradılması zəruridir. Ona görə bu istiqamətdə əlavə addımlar atılmalıdır”.

CANLI YAYIM