Prezident: “Taksi, metro və avtobus xidmətləri bir-biri ilə sıx əlaqədə olmalıdır”

Prezident: “Taksi, metro və avtobus xidmətləri bir-biri ilə sıx əlaqədə olmalıdır”

18 Fevral, 16:57 Sosial mediada paylaşın:

“Şəhər nəqliyyatının təkmilləşdirilməsi hər bir böyük şəhər üçün önəmli məsələdir. Şadam ki, son illər ərzində Bakı şəhərində görülmüş işlər kompleks xarakterlidir və bu işlər nəqliyyatla bağlı bütün sahələri əhatə edir”.

Bu sözləri Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib.

Bildirib ki, bütün nəqliyyat növləri arasında koordinasiya işlərinin aparılması yaxşı haldır: “Hesab edirəm ki, taksi, metro və avtobus xidmətləri növbəti mərhələdə bir-biri ilə daha da sıx əlaqədə olmalıdır. Əsas məsələ tıxacların azaldılmasıdır. Əlbəttə ki, bunun üçün təkcə yeni yolların çəkilişi, yeni qovşaqların tikintisi ilə işimizi məhdudlaşdıra bilmərik. Amma o da həqiqətdir ki, əgər son 10-12 il ərzində Bakıda böyük yol infrastrukturu layihələri icra edilməsəydi, bu gün şəhər nəqliyyatı tıxacdan tərpənə bilməzdi. Bu, həqiqətdir. Sadəcə, 10 il bundan əvvəl mövcud olan mənzərəyə qayıtmaq lazımdır ki, bunu hər kəs görsün və bilsin. Bizim əsas nəqliyyat damarlarımız demək olar ki, tamamilə iflic vəziyyətdə idi. Şəhəri hava limanı ilə birləşdirən əsas yol, baxmayaraq ki, dördzolaqlı sayılırdı, əslində, ikizolaqlı idi və bu yol boyunca bir neçə dairə mövcud idi. Ancaq bu gün bir dənə də dairə yoxdur, yəni hava limanından şəhərə çox rahat gəlmək üçün bütün imkanlar var. Təkcə bu deyil, hava limanına digər avtomobil yolunun çəkilişi də böyük əhəmiyyət daşıyır. Zığ istiqamətindən hava limanına, ümumiyyətlə, yol yox idi. O vaxt biz təşəbbüs göstərərək onu icra etdik və bu, bir çox məsələləri həll etdi. Eyni zamanda, deyə bilərəm ki, son illərdə Bakı şəhərində görülmüş işlərin, tikilmiş körpülərin, yol qovşaqlarının bəlkə də misli-bərabəri yoxdur.

Ancaq bununla yanaşı, nəqliyyat vasitələrinin sayı artır. Bu da əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasından xəbər verir. Statistika var, hər il ölkəmizə gətirilən və artıq hazırda ölkəmizdə istehsal olunan nəqliyyat vasitələrinin sayı artmaqdadır. Əhalimiz artır, Bakı şəhərinin əhalisi artır. Ona görə, şəhər nəqliyyatımız bu artıma uyğun şəkildə inkişaf etməlidir və bu artımla uzlaşmalıdır. Odur ki, bundan sonra metro tikintisi, yeni qovşaqların inşası, Bakı dairəvi dəmir yolunun çəkilişinin başa çatdırılması, avtobus nəqliyyatının səmərəli fəaliyyəti - bütün bu nəqliyyat seqmentləri vahid bir mexanizm kimi işləməlidir. Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır”.

CANLI YAYIM