“Reytinq yox, keyfiyyət arxasınca gedirik... İlklərdənik” - “Gün başladı” 1 yaşında

“Reytinq yox, keyfiyyət arxasınca gedirik... İlklərdənik” - “Gün başladı” 1 yaşında

18 Fevral, 15:32 Sosial mediada paylaşın:

Bu gün Azərbaycan Televiziyasının “Gün başladı” verilişinin 1 yaşı tamam olub.

Həftəiçi hər gün saat 10:20-də tamaşaçıların görüşünə gələn “Gün başladı” verilişinin aparıcısı Xədicə Sənanqızı AzTV.az saytına açıqlamasında bildirib ki, bu layihə Azərbaycan Televiziyası tarixində ilklərdəndir: “Yenilənmiş Azərbaycan Televiziyasında yeni layihələrdən biri də “Gün başladı” verilişidir. Böyük və mehriban heyətlə çalışırıq. Peşəkar heyət olmaqla yanaşı, həm də bir ailə kimiyik. İstəyimiz odur ki, daha baxımlı, daha faydalı veriliş ortaya çıxaraq. Bilmirəm buna nə qədər nail olmuşuq, amma onu bilirəm ki, özümüzə məxsus izləyici kütləsi toplaya bilmişik. Tamaşaçılarımız tərəfindən istər instaqram, istər feysbuka yazılan şərhlərə əsasən deyə bilərəm ki, doğrudan da bir tamaşaçı auditoriyamız var. Elementar nümunə çəkim: hansısa bir qonağın fikri tamaşaçıların xoşuna gəlmirsə, yaxud əksinə, çox xoşlarına gəlirsə, mütləq buna reaksiya verirlər. Deməli izlənilirik, baxılırıq.

Bu gün də proqramdan sonra tamaşaçılardan nə qədər təbrik aldıq.

Azərbaycan Televiziyasında yayımlanmış səhər proqramları içərisində, “Telesəhər” istisna olmaqla, ən böyük və ən dinamik səhər şousu olaraq ilklərdənik”.

X.Sənanqızı “Gün başladı” verilişinin daha keyfiyyətli olması üçün çalışdıqlarını deyir: “Biz reytinq axrasınca qaçmırıq. Mən də heç vaxt elə aparıcı olmamışam. Keyfiyyət mənim üçün hər şeydən üstündür. Önəmli odur ki, cəmiyyətimizə yararlı veriliş hazırlayaq. Tamaşaçısı çox olmaya bilər, amma keyfiyyətli olması şərtdir.

Biz qarşımıza məqsəd qoymuşuq ki, ölkəmiz inkişaf etdiyi kimi, televiziyamızın da inkişafını təmin edə, göstərə bilək”.

Qeyd edək ki, verilişin layihə rəhbəri Nazilə Babayeva, redaktoru Müşfiq Kərimov, stilist isə Səbinə Əsəddir.

 

CANLI YAYIM