Azərbaycan ilk dəfə üç Avropa ölkəsinə qaz ixrac edəcək - “Hədəf”də müzakirə

Azərbaycan ilk dəfə üç Avropa ölkəsinə qaz ixrac edəcək - “Hədəf”də müzakirə

18 Fevral, 13:20 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının “Hədəf” verilişinin 17 fevral buraxılışında “Avropa enerji təhlükəsizliyində Azərbaycanın rolu güclənir” mövzusu müzakirə edilib. Verilişin qonaqları Energetika nazirinin müavini Elnur Soltanov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə olub. Verilişdə, həmçinin Oksford Araşdırmalar İnstitutunun elmi işçisi Gülmira Rzayevayla “Skype” bağlantısı yaradılıb.

“Artıq sirr deyil ki, Avropa İttifaqı, ümumiyyətlə Avropa məkanı, Rusiya qazından asılılığı azaltmaq istəyir. 2005-2006-cı illərdə olan hadisələrdən sonra Ukrayna və Rusiya razılıq əldə edə bilmədikləri üçün Rusiya qazının Avropa İttifaqına çıxışını dayandırmışdı. Bununla da bəzi Avropa ölkələri, misal üçün, Slovakiya, Macarıstan, Bolqarıstan Rusiya qazını ala bilmirdilər. Bir neçə həftə Avropa evlərində qaz qıtlığı hiss olunmuşdu. Bunun üçün o zamandan başlayaraq Avropa İttifaqında yeni mənbələrin, yeni marşrutların əldə olunması prioritet kimi qoyulmuşdu və Cənub Qaz Dəhlizi layihəsi ən önəmli layihələrdən birinə çevrilmişdi", - deyə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib.

Onun sözlərinə görə, Xəzər dənizindən gələn qaz Avropa ölkələrinin Rusiyadan asılılığını azaldır, yeni alternativ mənbə əldə edir və Avropa İttifaqına Xəzər dənizinin resurslarına pəncərə açır. F.İsmayılzadə qeyd edib ki, gələcək perspektivdə Türkmənistan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin də resursları buraya əlavə oluna bilər.

Oksford Araşdırmalar İnstitutunun elmi işçisi Gülmira Rzayeva vurğulayıb ki, beynəlxalq ekspertlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndirirlər: “Çünki, xüsusən də, bu son bir neçə ildə cənab Prezidentin dediyi kimi, yeni mənbədən və yeni marşrut vasitəsilə gələn qaza xüsusi ehtiyac var. Səbəb də ondan ibarətdir ki, bu tendensiya artıq 5 ildir başlayıb, Avropa İttifaqı əlavə olaraq artıq həcmdə qazı idxal etmək məcburiyyətindədir. Avropa İttifaqının, ümumilikdə götürsək, qaza tələbatı artmır və yaxud staqnasiya vəziyyətindədir. Bəzi ölkələrdə hətta tələbat düşür, amma buna baxmayaraq, idxal artır, çünki Avropanın ənənəvi qaz təchizatçıları, yerli avropalı qaz təchizatçıları – Norveç və Niderlandda qazın hasilatı sürətlə aşağı düşür. Belə olan halda, təbii ki, Avropa İttifaqı da tələbatın aşağı düşməsinə baxmayaraq, artıq həcmdə qaz idxal etmək məcburiyyətindədir”.

G.Rzayeva deyib ki, Azərbaycan Avropa İttifaqının bu tələblərinə tamamilə cavab verir və Cənub Qaz Dəhlizi də məhz bu məqsədlə yaradılıb. O qeyd edib ki, bu ildən etibarən Azərbaycanın rolu daha da artacaq, çünki bu il oktyabr ayından sonra tarixdə ilk dəfə Azərbaycan 3 Avropa ölkəsinə qaz ixrac edəcək: Bolqarıstan, Yunanıstan və İtaliya.

Energetika nazirinin müavini Elnur Soltanov diqqətə çatdırıb ki, TAP layihəsinin 91 faizi artıq tamamlanıb: “Artıq Cənub Qaz Dəhlizi böyük ölçüdə bitmiş layihə sayılır və indi yeni məsələlər haqqında düşünülür. Enerjinin böyük hissəsi artıq “avtopilot”a bağlanıb, hər cəhətdən - həm maliyyə, həm satışlar nöqteyi nəzərindən. Bilirsiniz ki, biz Cənub Qaz Dəhlizi çərçivəsində qazın 25 illik satış müqavilələrini imzalamışıq”.

Nazir müavini vurğulayıb ki, Azərbaycan artıq digər layihələr üzərində çalışır.

CANLI YAYIM