24 minə yaxın məcburi köçkün ailəsi mənzillə təmin ediləcək - Tarix açıqlandı

24 minə yaxın məcburi köçkün ailəsi mənzillə təmin ediləcək - Tarix açıqlandı

18 Fevral, 12:28 Sosial mediada paylaşın:

Məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu çərçivədə Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, bölgələrdə də yeni qəsəbələr inşa olunacaq. Paytaxtda yerləşən 2 universitetin yataqxanasında məskunlaşan məcburi köçkünlər isə yeni salınacaq yaşayış kompleksinə köçürüləcək.

Belə ki, Yasamal rayonunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) və Azərbaycan Texniki Universitetinin (ATU) yataqxanaları yerləşir. Bu yataqxanalarda 1200-dən çox məcburi köçkün ailəsi məskunlaşıb. Onlar bu ilin aprel ayında tikintisi başa çatacaq “Qobu Park-3“ yaşayış kompleksinə köçürüləcəklər.

AZMİU tələbə şəhərciyinin direktoru Tanrıverdi Hacıyevin sözlərinə görə, məcburi köçkünlər yaşayış kompleksinə köçürüldükdən sonra yataqxanalar təmir ediləcək: “Tələbə yataqxanasında “Sabah” layihəsi də daxil olmaqla 300-dən çox tələbə yaşayır. Köçkünlər köçürüldükdən sonra həmin yataqxanalar da universitet rəhbərliyi tərəfindən təmir edilərək tələbələrin istifadəsinə veriləcək”.

Köçürülmə prosesi universitet yataqxanalarında məskunlaşan məcburi köçkünlərlə məhdudlaşmayacaq. 2020-2024-cü illəri əhatə edən  “Yol Xəritəsi”nə əsasən, sanatoriya, uşaq bağçası, məktəb, poliklinika binaları və yarımçıq tikililərdə yaşayan məcburi köçkünlər yeni salınacaq qəsəbələrə köçürüləcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, ilin sonuna kimi 7 min ailə üçün qəsəbələr salınacaq: “Bu istiqamətdə fəaliyyətimiz başlayıb. Artıq Bakı və Sumqayıtda tikinti gedir. Samux rayonunda da qəsəbə tikiləcək. Gələcək illərdə isə digər rayonlar da planlarımıza daxil ediləcək”.

Bununla da 2024-cü ilin sonunadək 23 850 məcburi köçkün ailəsi yeni qəsəbələrdə yerləşdiriləcək.

Sabir Bilalov

CANLI YAYIM