Tarixi həqiqətlər qarşısında Paşinyanın eradan əvvələ mücərrəd ekskursiyası - ŞƏRH

Tarixi həqiqətlər qarşısında Paşinyanın eradan əvvələ mücərrəd ekskursiyası -ŞƏRH

18 Fevral, 11:45 Sosial mediada paylaşın:

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin bir daha beynəlxalq birliyin diqqətinə çatdırılması son dərəcə önəmli hadisə oldu. Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi tarixi həqiqətlər qarşısında Paşinyanın eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursiyası auditoriyanı çaşdırmaq cəhdindən başqa bir şey deyildi.

Prezident İlham Əliyev 56-cı Münhen Təhlükəsizlik Konfransında  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel-müzakirələrdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmış oldu. Azərbaycan Prezidenti XIX əsrin əvvəlindən başlayaraq 200 il ərzində imzalanmış çoxsaylı saziş və müqavilələrdən danışdığı halda Paşinyan bir ədəd də olsun hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoya bilmədi. Prezident İlham Əliyev həm də Dağlıq Qarabağın hüquqi cəhətdən Azərbaycana məxsus olmasını bütün dünyaya bir daha nümayiş etdirdi.

Paşinyan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin mahiyyətini təhrif etməkdən başqa çıxış yolu tapmadı. Prezident İlham Əliyevin Xocalı həqiqətlərinə qarşı Paşinyanın “feyk” iddiaları isə çox məntiqsiz göründü. Fakt və tutarlı arqumentləri Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun “Arqumentı i faktı” qəzetindəki müsahibəsi ilə təkzib etmək cəhdi çox uğursuz addım oldu. Qeyd edək ki, Ayaz Mütəllibov özü də açıqlamalarında belə bir fikir işlətmədiyi barədə dəfələrlə deyib.

Prezidentin çıxışında toxunduğu digər vacib istiqamət isə Ermənistanda təcavüzkar siyasətin varislik prinsipi əsasında davam etdirilməsi barədə idi. Hətta siyasi baxışlarına görə fərqli ideoloji xətt yürüdən Yerevan liderləri Dağlıq Qarabağ münaqişəsi üzrə mövcud status-kvonu qoruyub saxlamaqda yekdil mövqedən çıxış edir. Çünki bu durumun pozulması işğalçı dövləti Azərbaycanın hərbi gücü ilə üz-üzə qoyacaq ki, siyasi və iqtisadi böhran keçirən Ermənistan belə gedişə əsla hazır deyil. Lakin təcavüzkar anlamalıdır ki, o, heç vaxt işğal altında olan əraziləri öz yurisdiksiyasında saxlaya bilməyəcək.

Dağlıq Qarabağ Ermənistan deyil və Nikol Paşinyanın dedikləri Ermənistan dövlətinin işğalçı mahiyyətini ortaya qoyur. Əgər dünya birliyi Dağlıq Qarabağı tanımırsa, amma təcavüzkar siyasətini gizlətməyən bir respublikanın lideri belə bir ifadə işlədirsə, o zaman münaqişənin həlli ilə məşğul olduqları görüntüsünü yaradan Minsk qrupunun həmsədrləri məlum açıqlamaya reaksiya verməlidir.

Paşinyan Münxen Təhlükəsizlik konfransında əsassız fikirləri ilə  bir daha sübuta yetirdi ki, münaqişənin sülh yolu həlli istiqamətində aparılan danışıqlarda taym-aut qazanmaq istəyir. Onun mühüm beynəlxalq tribunadan sistemsiz çıxışı, tarixi saxtakarlıqları xarici mətbuatda da ciddi tənqid olundu. Prezident İlham Əliyevin əsaslı arqumentlərlə erməni baş nazirinin yalanlarını ifşa etməsi  işgalçı dövlətin rəhbərini daha da gülünc duruma saldı.

 

CANLI YAYIM