Azərbaycan ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabat təqdim edib

16 İyul, 10:42 Sosial mediada paylaşın:

İyulun 15-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında təşkil olunmuş Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatı uğurla təqdim olunub və iştirakçı ölkələrin, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri tərəfindən müsbət qiymətləndirilib.

Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov hesabat barədə təqdimatla çıxış edərək, son dövrlərdə ölkəmizdə inklüziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsi, dayanıqlı iqtisadi artımın, tam və səmərəli məşğulluğun, layiqli işlə təmin olunmanın dəstəklənməsi, “heç kimin geridə qalmaması” prinsiplərinə əsaslanaraq əhalinin həssas təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması, iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə üzrə fəaliyyətin tənzimlənməsi və məhkəmə-hüquq sistemində aparılan islahatların dərinləşməsi barədə ətraflı məlumat verib. Eyni zamanda, nümayəndə heyətinin rəhbəri Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində əsas çətinliklərdən bəhs edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini bir daha məlumatlandırıb, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü, bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında çətinliklər yaratdığını diqqətə çatdırıb. BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi 822, 853, 874 və 884 saylı məlum qətnamələrin indiyədək yerinə yetirilmədiyi bir daha Forum iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, BMT-nin müəyyən etdiyi “İnsanların hüquq və imkanlarının genişləndirilməsi və onların inklüzivliyinin və bərabərliyinin təmin edilməsi” tematik mövzusuna uyğun 4-cü “Keyfiyyətli təhsil”, 8-ci “Layiqli əmək və iqtisadi artım”, 10-cu “Bərabərsizliyin azaldılması”, 13-cü “İqlim dəyişikliyinə qarşı mübarizə”, 16-cı “Sülh, ədalət və səmərəli institutlar” və hər il nəzərdən keçirilən 17-ci “Məqsədlər üçün tərəfdaşlıq” məqsədləri üzrə təqdim olunan ikinci milli hesabat İqtisadiyyat Nazirliyi tərəfindən yerli ekspert və Dayanıqlı İnkişaf Məqsədləri üzrə yaradılmış işçi qruplarının iştirakı ilə aidiyyəti dövlət qurumlarının məlumatları nəzərə alınmaqla hazırlanıb.

Səfər çərçivəsində Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin rəhbəri Yaşar Əliyev, Ədliyyə nazirinin müavini Toğrul Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Nazirlər Kabinetinin şöbə müdiri Şahin Sadıqov, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibi Hüseyn Hüseynovun təmsil olunduğu nümayəndə heyəti ilə BMT-nin bir sıra yüksək səviyyəli nümayəndələri və digər üzv dövlətlərinin nümayəndə heyətləri arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Onu da qeyd edək ki, ölkəmiz BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin sentyabr ayında keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuş, bu məqsədlərdən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.