Milli Məclisdə Azərbaycan və Gürcüstan deputatlarının görüşü olub

15 İyul, 17:55 Sosial mediada paylaşın:

İyulun 15-də Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşüblər. Nümayəndə heyətinə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava başçılıq edib.

Görüşdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov münasibətlərimizin bütün sahələrdə yüksək səviyyədə qurulduğunu qeyd edib, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişaf etdiyini vurğulayıb.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziquri parlamentlərarası əlaqələrin daha intensiv xarakter daşıdığını bildirib. O, ölkələrimiz arasında əməkdaşlığın durmadan genişləndiyini vurğulayıb.

Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əlaqələrdə deputatlarımızın çox səmərəli əməkdaşlıq etdiyini bildirib. O, bütün məsələlərdə Azərbaycanın dəstəyini hiss etdiklərini və bunu qiymətləndirdiklərini qeyd edib. Vurğulayıb ki, Gürcüstanla Azərbaycan bütün məsələləri dostluq və əməkdaşlıq şəraitində həll etməyə qadirdir.

Söhbət zamanı deputatlar Hikmət Babaoğlu, Rasim Musabəyov, Ramaz Nikolaişvili qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikirlərini bölüşüblər.