Məcburi köçkünlərin Ucardakı yaşayış məhəlləsindən REPORTAJ

Məcburi köçkünlərin Ucardakı yaşayış məhəlləsindən REPORTAJ

17 Fevral, 16:08 Sosial mediada paylaşın:

Ucar rayonunda məcburi köçkünlər üçün yeni yaşayış məhəlləsi istifadəyə verilib. 4,5 hektar ərazidə salınan 250 evdən ibarət məhəllə dövlət tərəfindən məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə atılan addımlardandır.

Sözügedən yeni məhəllə ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 109-cu qəsəbədir. 4,5 hektar sahədə  salınan yeni yaşayış kompleksində hər biri beşmərtəbəli olmaqla altı ədəd yaşayış binası inşa olunub. Burada 220 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi tikilib, müvafiq mühəndis kommunikasiya şəbəkələri yaradılaraq abadlıq və yaşıllaşdırma işləri görülüb. Artıq ay yarımdır yeni qəsəbəyə köçərək rahatlığa qovuşanlardan biri də Qarabağ müharibəsində həyat yoldaşını və qardaşını itirən Cəmilə Tağıyevadır. 27 ildir Ucarda yaşayan müsahibimiz elə burada da 4 övladını böyüdərək ailə-uşaq sahibi edib.

“Dövlətimiz sağ olsun, bizi hər bir şəraitlə təmin edib. Prezident təqaüdü alıram. Prezident bizə üç otaqlı mənzil verib, buna görə təşəkkür edirəm. Otaqlar genişdir, işığımız, suyumuz, qazımız var. Evimizin hər bir şəraiti var”, - deyə C.Tağıyeva müsahibəsində deyib.

Cəmilə Tağıyevanın 91 yaşlı atası Şiraslan Tağıyev də yeni qəsəbədə mənzillə təmin edilib. Ömrünün ahıl çağını yaşayan məcburi köçkün soydaşımız həm özünün, həm də ölkəmizin ayrı-ayrı rayonlarında məskunlaşan övladlarının dövlət tərəfindən daima qayğı ilə əhatə olunduğunu deyir. Tək arzusu isə torpaqlarımızın azad olunacağı günü görməkdir.

Yeni yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait qurulub. Elektrik təchizatını təmin etmək məqsədilə “Ucar” yarımstansiyasının Açıq Paylayıcı Qurğularında yenidənqurma işləri aparılıb və yarımstansiyanın ərazisində 10 kV-luq yeni Qapalı Paylayıcı Qurğu binası istismara verilib. İçməli su təchizatını təmin etmək üçün 0,37 km uzunluğunda boru kəməri çəkilib, su anbarları və nasosxana tikilib. Mövcud qaz xəttinə qaynaq üsulu ilə qoşulmaqla ümumi üzunluğu 4 km olan qaz xətti çəkilib. İstilik təchizatı üçün mənzillərdə qazla işləyən kombi tipli suqızdırıcılar quraşdırılıb.

Təhlükəsizlik məqsədiilə ərazidə 1,8 km uzunluğunda videomüşahidə kabelləri çəkilib və binaların hər birində videomüşahidə kameraları quraşdırılıb. Yeni yaşayış kompleksində abadlıq işləri görülüb, 2 km uzunluğunda asfalt-beton yol-küçə şəbəkəsi salınıb, ərazidə yaşıllaşdırma işləri aparılıb.

Samir Quliyev

CANLI YAYIM